Avtomobillərlə bağlı yeni qanun qiymətlərə necə təsir edəcək?
29 Fevral 2012 Çərşənbə 16:09
Mayın 1-dən avtomobillərlə bağlı yeni qanun qüvvəyə minir.
Cari ilin 1 may tarixindən Azərbaycan Respublikasına idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Əyləc sistemində isə “ABS” olmalıdır. Tələblər tam ötürücü transmissiyalı avtomobil nəqliyyat vasitələrinə aid deyil. Standartın bu tələblərinə cavab verməyən avtomobillərin idxalına və istehsalına müvafiq qurumlar tərəfindən icazə verilməyəcək. Standartın tətbiq vaxtı 1 may 2012-ci il tarixindən müəyyən edilib.

AN STV-nin məlumatına görə, “ABS” əyləc sistemi sürüşkən səth üzərində avtomobilin hərəkəti zamanı təkərlərin tutulmasının qarşısını alır. Qəfildən dayanan avtomobilin keçdiyi əyləc məsafəsi azalır. Hazırda Azərbaycanda istismar edilən avtomobillərin əksəriyyətində “ABS” sistemi və təhlükəsizlik yastıqları var.

“1992-93 ildən bu yana buraxılan xarici markalı maşınlarda “ABS” sistemləri və təhlükəsizlik yastıqları mövcuddur. Amma Azərbaycanda olan Rusiya istehsallı “Lada” və “VAZ” markalı avtomobillərdə nə “ABS”, nə də təhlükəsizlik yastığı var”, - deyə Bakıdakı avtomobil salonunun meneceri Həsən Məhərrəmov bildirib.

Ekspertlər fikrincə, bu qərarın tətbiqi Azərbaycana Rusiya istehsalı olan avtomobillərin gətirilməsinə təsir göstərəcək. İqtisadçi-ekspert Vüqar Bayramov belə qərarın qəbul edilməsini müsbət sayır. O bu qərarı avrostandartlara keçidlə bağlayır. Ötən il Azərbaycanda avtomobillərin “Avro-2” standartlarına keçidi başlandığını deyən Vüqar Bayramov bu il artıq “Avro-3” standartlarına keçidin gözlənildiyini deyib. Lakin o eyni zamanda belə bir qərarın avtomobil bazarına təsir göstərəcəyi qənaətindədir.

“Mayın 1-dən yalnız az sayda Rusiyada istehsal olunan avtomobil Azərbaycana idxal olunacaq. “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin Azərbaycana gətirilməsinin qadağan edilməsi və həmin avtomobillərin qadağası maşın bazarında qiymətlərin yüksəlməsinə səbəb olacaq”, - deyə Vüar Bayramov bildirib.

Qeyd edək ki, 2012-ci ilin əvvəlinə olan vəziyyətə görə ölkədə təxminən 1 milyon minik avtomobili qeydiyyata alınıb. Onlardan 400 mini təhlükəsizlik normalarına cavab vermir. Hesab edilir ki, ötən il qeydə alınan qəzaların yarısı avtomobillərin nasaz olması səbəbindən baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar