Avropanın 53 ölkəsindən 350-yə yaxın nümayəndə Bakıya gəlir
09 Sentyabr 2011 Cümə 14:31
Nümayəndələr ÜST-nın Avropa Regional Bürosunun 61-ci sessiyasında iştirak edəcəklər
Sentyabrın 12-15-də Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyası keçiriləcək. Sessiyada Avropanın 53 ölkəsindən 350-yə yaxın nümayəndə iştirak edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə tədbirin təşkili ilə əlaqədar keçirilən mətbuat konfransında bildirilib.
Tədbirdə çıxış edən ÜST Avropa Regional Bürosunun direktoru Suzanna Yakab bildirib ki, sessiyada Azərbaycanda sosial səhiyyəyə aid aktual məsələlərin milli və regional səviyyədə müzakirəsi nəzərdə tutulur. Sessiyada təşkilatın direktoru Marqaret Çen, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmi şəxslər iştirak edəcək.
S. Yakab daha sonra səhiyyə sahəsində hazırda Avropa ölkələrində rast gəlinən əsas problemlərdən danışıb. O bildirib ki, bu ölkələrdə vərəm, yoluxucu xəstəliklər və antibiotiklərin rezident formaları ilə bağlı problemlər var. Büro direktoru hazırda vərəm və əsasən HİV epidemiyasının yayılmasının qarşısını almaq üçün Avropa ölkələrində geniş tədbirlərin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycanın səhiyyə sahəsində də inkişafın nəzərə çarpdığını qeyd edib:
“Azərbaycanda səhiyyəyə ayrılan vəsait xeyli artıb. Yeni xəstəxanalar, müalicə mərkəzləri açılır və yüzlərlə tibb müəssisəsi təmir edilir. ÜST hazırda Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən böyük proqramın bəzi komponentləri ilə əlaqədar bu ölkə ilə əməkdaşlıq edir. Bu komponentlər xərçəng xəstəliyi, yoluxucu xəstəliklər, qan xəstəlikləri, vaksinasiyalar və s. ilə bağlıdır”.
S. Yakab sessiya çərçivəsində ÜST-nın Avropa Regional Bürosu ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanacağını açıqlayıb. Onun sözlərinə görə, sənəd növbəti il üçün əməkdaşlığı nəzərdə tutur. Sənəd Büronun Bakıda keçiriləcək 61-ci sessiyasında imzalanacaq. O, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə imzalayacağı sənəddə növbəti il üçün əməkdaşlığın nəzərdə tutulduğunu bildirib.
Tədbirdə Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev də çıxış edib. O Avropa Regional Bürosunun 61-ci sessiyasının Bakıda keçirilməsinin Azərbaycanın səhiyyə sahəsinə öz töhfələrini verəcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: