Bu gün cəbhə xəttində keçiriləcək monitorinqi izləmək üçün ərazidə olan ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik və onun səhra köməkçiləri Piter Ki və İrJi Aberle saat 10:00 radələrində Ağcəbədi İcra Hakimiyyətinə gəliblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qurum nümayəndələri icra başçısı Şahin Məmmədov ilə görüşüblər. Onlara cəbhə xəttindəki vəziyyət barədə məlumat verilib. Bildirilib ki, mütəmadi olaraq, Ermənistan silahlı qüvvələri cəbhə xəttindəki kəndləri atəşə məruz qoyur. Yay aylarında yanğınlar törədilir. Ş. Məmmədovun sözlərinə görə, cəbhənin Yusifcanlı istiqamətində ötən ilin iyun ayında sonuncu monitorinq keçirilib. Bu vaxta qədər həmsərhəd rayonlarda atəşkəs rejimi 600 dəfəyə qədər pozulub. Yalnız 250 atəkəs pozuntusu halı Yusifcanlı kəndi ərazisində baş verib. İyun ayından indiyə qədər rayonun təmas xətti üzrə bir hərbçi ölüb, 4 nəfər isə yaralanıb.
Bundan sonra ATƏT rəsmiləri Azərbaycan hərbçilərinin müşayiəti ilə monitorinqin keçiriləcəyi əraziyə yollanıblar. /ANS PRESS/