Aşura günü ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi gücləndirilmiş rejimdə işləyəcək
05 Dekabr 2011 Bazar Ertəsi 12:18
Səhlab Bağırov: “Müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilməyəcək".
Aşura mərasimləri ilə əlaqədar paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində tədbirlər planı hazırlanıb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib.

Onun sözlərinə görə, Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayişi lazımı şəkildə təmin ediləcək. S. Bağırov qeyd edib ki, Bakı şəhərində Aşura mərasimlərinin keçiriləcəyi yerlər artıq dəqiqləşib və bütün təhlükəsizlik tədbirləri görülüb: “Sabah Bakının bütün məscidlərində və ziyarətgahlarda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə həmin ərazilərdə əlavə polis naryadları təyin olunub. Dini mərasimlərin keçiriləcəyi yerlərdə hüquq normalarının pozulmasının qarşısını almaq məqsədilə profilaktiki tədbirlər həyata keçiriləcək. Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilməyəcək. Ümid edirik ki, paytaxt sakinləri qanunsuz hərəkətlərə yol verməyəcək, Aşura gününü sabit şəkildə başa vuracaqlar”.

S. Bağırov sabah Bakı şəhər Dövlət Yol Polisinin də gücləndirilmiş iş rejimində çalışacağını, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənəcəyini söyləyib: “Mərasimlərin keçiriləcəyi yerlərdə və onun ətrafındakı ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar