Bakıda Aşura günü fotolarda. "Təzə Pir" məscidindən fotoreportaj.
Bu gün Bakıda Aşura günü qeyd olundu. ANS PRESS olaraq reportaj hazırlamaq məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi "Təzə Pir" məscidinə yollandıq. Yolboyu məscidə gələnlər, süfrə açıb ehsan verənlər, nəzir qutusuna pul salanlar, yaxud da dilənçiləri sevindirməyə çalışanlar nəzərimizdən yayınmadı.
Bundan başqa, Peyğəmbər nəvəsi, İmam övladı üçün mərsiyə deyib, sinə vuranlar, namaz qılanlar da kifayət qədər idi. Hətta zəncir vuranlara da rast gəlmək mümkün idi. Qan vermək istəyənlər məscid yaxınlığında qurulan qanvermə məntəqəsində növbə gözləyirdilər.
Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1368 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.
Tarixi mənbələrdə xəlifə Müaviyyə ibn Əbu Süfyanın ölümündən sonra onun taxta çıxan oğlu Yezid ibn Müaviyyənin imansız və əyyaş olduğu, bütün gününü qumar oynamaqla keçirdiyi bildirilir. Onun bu əməlləri İmam Hüseyni (ə) ciddi narahat etdiyindən İmam Hüseyn (ə) Yezidə bildirir ki, İslam xəlifəsinə yaraşmayan pis işlərdən çəkinməsə, babası Peyğəmbərin (s) dinini qorumaq üçün ona qarşı üsyan edəcək. Yezid isə İmam Hüseynə (ə) çoxlu pul və qızıl qarşılığında onun xəlifəliyini qəbul etməyi təklif edir, əks halda öldürəcəyi ilə hədələyir. İmam Hüseyn (ə) isə bu təklifi rədd edir və bildirir ki, “Əgər babam Məhəmmədin dini mənim ölməyimlə yaşayacaqsa, onda ey qılınclar, doğrayın məni!”
Bundan sonra Kərbəla çölündə Yezidin qoşunu ilə üz-üzə gələn İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə qəhrəmanlıqla vuruşaraq din yolunda şəhid olur. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.