Astara rayonunun qədim yaşayış məskənlərindən olan Şiyəkəran kəndində qızılbaşlar dövrünə, səfəvilər sülaləsinə məxsus bayraq tapılıb. Kənd orta məktəbinin müəllimi Yünüs Qulamov ulu babalarından müqəddəs tapıntı kimi yadigar qalan bayrağın xoş bir təsadüf nəticəsində tapıldığını deyib. Əvvəlcə tapıntı kənddə İslam dininin atributu hesab edilib. Bu, qızılbaşlar dövrünün maddi-mədəniyyət abidəsi, Səfəvilər dövlətinin, şah İsmayıl Xətai hakimiyyətinin nişanəsidir. Bayraq başlığı bir neçə metalın xəlitəsindən hazırlanldığından uzun illər torpaq altında qalsa da paslanmayıb. Onun üzərində orta əsrlərin qanlı döyüşlərinin əksi də qalıb.
“Bayrağın mərkəzində Allah və Məhəmməd sözləri yazılıb. Yuxarı hissəsində bucaqda sin hərfi formasında dua edən insan şəkli var. Bayrağın üzərində qala qapılarının bağlantısı üçün həlqələr formasında nöqtələr bərkidilib. Nöqtələr dövlətçiliyi, həlqələr isə bayrağın mənsub olduğu şəxsin bürc-qala sahibi olduğunu təsdiq edir” – deyə Lənkəran dövlət universitetinin tarix müəllimi Haşım Kəlbiyev bildirib. /ANS TV/