Avrop Şurası Parlament Assembleyasının Azərbaycanla bağlı növbəti hesabatının bu ilin payızında veriləcəyi gözlənilir. Bunu AŞPA monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Azərbaycana səfərinin yekunlarına dair ANS-ə verdiyi müsahibəsində deyib. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı ayrı-ayrılıqda təhlillər apardıqlarını deyən Andres Herkel əlavə edib ki, görüşlərin nəticəsində məlum oldu ki, müsbət məqamlarla yanaşı, həllinə ehtiyac duyulan bir sıra məsələlər də var:
“Biz Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı ayrı-ayrılıqda təhlillər apardıq. Ölkədə demokratik təsisatların fəaliyyətini izləmək imkanımız oldu. Bunun üçün həm iqtidar, həm müxalifət nümayəndələri ilə görüşlər keçirdik. Müsbət məqamlarla yanaşı, həllinə ehtiyac duyulan bir sıra məsələlər də var. Biz Azərbaycanda olduğumuz vaxtda Mirzə Sakitin azadlığa buraxılması çox sevindirici bir məqam idi. Buna baxmayaraq, digər jurnalistlərin hələ də azadlığa buraxılmaması məni narahat edir. Avropa Şurası həmməruzəçilərinin Naxçıvana səfər etməsi çox nadir hadisə idi. Naxçıvandakı iqtisadi, siyasi və hüquqi məsələlərlə yanaşı söz və mətbuat azadlığına dair məsələlər də geniş müzakirə olundu. Ölkədə insan haqları ilə bağlı vəziyyəti müəyyən etmək üçün Naxçıvana səfərin böyük əhəmiyyəti var. Bilirsiniz ki, ölkələr üzrə hesabat məruzələri iki ildən bir hazırlanır, Azərbaycan haqqında sonuncu məruzə isə 2007-ci ildə olmuşdu. Səfərimiz zamanı biz həm də yeni məruzə üçün araşdırmalar apardıq. Avropa Şurası Azərbaycanla əlaqədar ümumi bir hesabat hazırlayır”.
Qeyd edək ki, qurumun monitorinq komitəsinin həmməruzəçiləri artıq ölkəni tərk ediblər./ANS TV/