ARDNŞ-ə məxsus işçilər aksiya keçirib
01 Aprel 2009 Çərşənbə 17:50
Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdə maaşlar azaldılıb

 

Bu gün Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin bir qrup işçisi etiraz aksiyası keçirməyə cəhd göstərib. ANS TV-nin çəkiliş qrupu ARDNŞ-in Balaxanı qəsəbəsində yerləşən xüsusi texnika sexlərindən birində 60 nəfər işçinin aksiya keçirməsi barədə məlumat alaraq hadisə yerinə yollansa da, qarşılarına çıxan bir-iki nəfər olub. Məlum olub ki, çəkiliş qrupu gələnə qədər rəhbərlik etiraz edənləri dağıtmağa nail olub.

Aksiya iştirakçıları bildiriblər ki, avtobazanın işçilərini narazı salan məvaciblərinin birdən-birə 2-3 dəfə aşağı salınmasıdır, Səbəb kimi isə maliyyə böhranının olduğu göstərilib. İşçilər bildiriblər ki, böhranın təsirini ixtisarlarda olmasa da, məvaciblərində hiss etməyə başlayıblar. Belə ki, əvvəl 600-700 manat maaş alan sürücüyə indi 200 manat əmək haqqı verilir.

Şikayətçi Mərdan Mehrəliyevin sözlərinə görə, maaşlarını 600-700 manatdan 200 manata endiriblər. Şikayətçi sürücü Cəfər Mirzəyev də bildirib ki, əvvəl 600 manat əmək haqqı alırdısa, yanvar ayında cəmi 175 manat pul alıb.

Şikayətçilər bildiriblər ki, rəhbərlik narazılıq edənlərə qapını göstərib: «Yəni, kimin istəyi yoxdu, gedə bilər. İxtisara düşməsək də dolayısı ilə bu sistem tətbiq edilməyə başlanılıb. Elə vəziyyət yaradırlar ki, özün öz xoşluğunla gedəsən», deyə şikayətçi M. Mehrəliyev bildirib.

Şikayətçilərin sözlərinə görə, problem bununla da bitmir. Maliyyə böhranı özünü həm də texniki təchizatda göstərib. Belə ki, sürücülər maşınları üçün lazımi avadanlıq və avto hissələri də ala bilmirlər. Bununla da avtomaşınlar dayanacaqdan çıxmırsa, deməli iş də olmur.
Xüsusi texnika sexinin rəis müavini Yaqub Şirəli isə ANS-ə bildirib ki, əvvəl sex «Abşeron» Qazma İşləri İdarəsinin tərkibində olub. Artıq sex İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin tabeliyindədir. Sexin maşınları müxtəlif ərazilərə qazma avadanıqları daşıyır. Yaqub Şirəli hesab edir ki, işçilərin narazılığına səbəb avtomaşınların çıxışının az olmasıdır. Belə ki, yol vərəqi az verildiyindən, yəni sifariş az olduğundan, işçilərin məvacibi də az verilir.

Amma rəis daha ciddi arqument də gətirib: «İqtisadi böhrandır. Avtomaşınların çıxışı azalıb. Bu, böhranla əlaqəlidir». O qeyd edib ki, avtosexdə ixtisarlar da aparılıb: «60-70 yaşlı pensiyaçılar işdən çıxıblar, 162 işçi idi, indi isə azalıb».

Rəis müavini bildirib ki, göstəriş Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestindən verilib. Yəni şirkətin digər strukturlarında da bu problem var. «Digər qarajlarda da bu kimi problemlər var, məsələn, Qum adasında», deyə Y. Şirəliyev bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Neft Şirkətinin prezidenti şirkətdə ixtisarların olmadığını, məvaciblərin də əvvəlki miqdarda ödənilməsini bildirmişdi. Beləliklə, bir çox iri şirkətlər etiraf etməsələr də, maliyyə böhranı ayrı-arı birliklərdə özünü göstərməkdədir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar