Anarkən baş verənlər: Anar Məmmədxanov itkisinə ağı
23 Aprel 2012 Bazar Ertəsi 07:09
Onun hazırcavablığı və yüksək intellektuallığı Azərbaycan gülüşünün hörmətini qaldırmışdı.
…Son zamanlar məndə qəribə bir hiss yaranıb.

…Məndən cavanlar vəfat edəndə utanıram. Allaha acıq getməsin, Anar məni utandırdı…

Adətən belə deyirlər… Filankəs heç bu dünyanın adamı deyildi… Amma yox. O yalnız bu dünyanın adamı idi.

Mən onu o dünyada təsəvvür edə bilmirəm. Nə inkir-minkirin suallarına cavab verən yerdə, nə ilahi ədalət qarşısında, nə cəhənnəmin qır qazanı, nə də cənnət çeşmələrinin kənarında… Mən Anar Məmmədxanovu - Azərbaycanın Şənlik və Hazırcavablıq gerbini bu kompaniyada təsəvvür edə bilmirəm. Onun ani yaranan təbəssümü, "pristupvari" qəhqəhəsi, tükənməz lətifələri və ətrafındakıları həmişə yüksək əhval-ruhiyyədə saxlamaq bacarığı ilə o dünyanın ağır tələb və standartlarinı qətiyyən uyğunlaşdıra bilmirəm… Onun hazırcavablığı və yüksək intellektuallığı Azərbaycan gülüşünün hörmətini qaldırmışdı. Onun təklif etdiyi gülüş diringi və hırıltı, çırtıq və qıdıq gülüşçülüyündən çox yüksəkdə idi. Onun təklif etdiyi vətənsevərlik pafosdan və propaqandadan uzaq dəyərlər toplusu idi ki, bəzən elə mənim özümü də əsəbiləşdirirdi.

Anar əslində aktyor idi. Amma istəmirdi ki, onu aktyor hesab etsinlər.

Anar əslində televeriliş aparıcısı idi… Amma istəmirdi ki, onu aparıcı hesab etsinlər.

Anar millət vəkili idi, amma siyasətçiyə çox az bənzəyirdi.

Anar hər şeydən çox istəyirdi ki, onun vətənpərvər olduğuna inansınlar… O, Vətəni bacardığı kimi və bacardığı qədər sevirdi. Həyatında uğurları çox olmuşdu. KVN-çilər arasında "Əsrin çempionu" adı ilə fəxr edirdi. Ermənilərə qalib gəlməsi ilə qürrələnərdi. Amma Vahid Mustafayevlə Qarabağa-Ağdərəyə getməsini bir başqa cür xatırlardı. Bu onun üçün əsl, nümunəvi vətənpərvərlik aksiyası idi.

Anar son zamanlar dəyişmişdi. Anar həyatımızda bir az azalmışdı.

Anarın ağıllı təbəssümü və dəlisov gülüşü də bir az çəkilmişdi. Arıqlamışdı. Və itirdiyi təkcə çəkisi deyildi. Sanki darıxırdı. Gülmək istəyirdi. Ürəkdən gülüş üçün tələb olunan əsl səbəbə. Əvvəlki kimi. Belə gülmək istəyirdi. Bu onun ömrünün son gülüş ziyafəti idi. Bəlkə də ehsanı. Qəribədir. Ətrafında xeyli adam var idi. Amma sanki tək qalmışdı. Bir özü idi, bir də ailəsi. Onu son mənzilə yola salmağa gələnlər arasında təbəssümdaşları olsa da. Onlar kədərli və hüznlü görünsələr də, əslində tək qalmışdı.

Darıxırdı…

Öz sahəsində birinciliyə öyrəşmiş və diqqət mərkəzində olmağın müəyyən qədər ərköyünləşdirdiyi Anar məşhur olsa da, hər halda sıradan biri olmağa çətin öyrəşirdi. Tanınmış adamlardan sadəcə birisi kimi yalnız dost və tost dairələrində mərkəzi fiqur olmaq onluq deyildi. Anar darıxırdı… Anar karyerist olmamışdı. Amma karyerasından ləzzət almadığını da demək olmazdı.

Anar öldü…Və ya Azərbaycanın simasından bir anarlıq gülüş azaldı. Bu az deyil…

Anarın necə öldüyünü təxminən bilirəm. Həmişəki kimi deyib-gülüb, bir iki lətifə danışıb. Sonra pencəyini geyinib. Maşına tərəf gedib. Və yıxılıb. Bu qədər bilirəm. Ardının artıq nə fərqi?

Anarın səsini ölümündən bir gün, daha doğrusu 14 saat əvvəl eşitmişdim. Zəng vurmuşdu və gümrah səsilə soruşmuşdu ki, “Keçmişə salam” proqramı üçün ondan alınan müsahibə efirə nə vaxt gedəcək? Mən də öyrənib ona çatdırmışdım: “Mayın 10-da!”, o da “Elə də bilirdim!” demişdi… Bilmirəm: bəlkə yanılıram, amma mənə nədənsə elə gəlmişdi ki, Anar bu müsahibənin efirə tez getməsini istəyir. Çünki, cavabımdan sonra səsində bir pərişanlıq duydum…İndi çox istəyirəm ki o məni bağışlasın. Anara yalan demişəm. Müsahibə mayın 10-da yox, bu axşam (24 aprel) efirə gedəcək…

Təsəlli vermək çətindir.

Amma bircə onu bilirəm ki, Anar daha maraqlı bir dünyaya getdi… Təsəvvür edirsiz: orda kimlər var… Və Anar kimlərin yanından kimlərin yanına getdi:?

Bilmirəm indi mənim danışdıqlarımı Anar eşidir ya yox, amma çox istərdim ki, yeni və əbədi dünyada başladığı həyatda yolu behiştə düşsün və ondan müsahibə götürən bir cüt mələyin qarşısında dostumun dili topuq vurmasın. Axı o, şən və hazırcavabdır!...

Mir Şahin 25 aprel 2011 –ci il “Ötən Həftə”


DOSTLARINLA PAYLAŞ:

oyunlar