Anam Azərbaycan layihəsinin təqdimatı olub
27 Dekabr 2011 Çərşənbə Axşamı 12:44
Gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi çərçivəsində ilk aksiya Bakıdakı “Çeburaşka” uşaq bağçasında təşkil edilib.
APA-nın xəbərinə görə, valideynlərin də qatıldığı görüşdə ilk öncə bağçanın müdiri Nərgiz Paşayeva çıxış edərək qonaqları salamlayıb. N. Paşayeva uşaq bağçasında belə görüşlərin keçirilməsinə xüsusi önəm verdiklərini vurğulayıb.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva sözügedən layihənin məqsədinin uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğindən ibarət olduğunu qeyd edib.
Millət vəkili Ceyhun Osmanlı çıxışında Tünzalə Ağayevanın vətənpərvərlik ruhunda yazılmış mahnılarından ibarət “Anam Azərbaycan” adlı diskinin pulsuz olaraq uşaq bağçalarına, orta məktəblərə və ali təhsil ocaqlarına paylanacağını bildirib.
Tünzalə Ağayeva diskə 13 mahnının daxil edildiyini bildirib: “Uşaqlar ağ vərəq kimidir, biz onların düşüncəsinə, yaddaşına nə yazsaq, o ruhda, o düşüncədə də böyüyəcəklər”. Tünzalə Ağayeva uşaq bağçasından sonra məktəblərdə, liseylərdə, universitetlərdə və hərbi hissələrdə də layihənin təqdimatının keçiriləcəyini və disklərin gənclər arasında geniş yayılacağını deyib.
Qeyd olunub ki, albomda yer alan bütün mahnıların (“Ölkəm” romansı istisna olmaqla) müəllifi Tünzalə Ağayevadır.
DOSTLARINLA PAYLAŞ: