Amnistiya aktının icrasına martın 18-dən başlanacaq. Bu barədə ANS PRESS-ə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Mehman Sadıqov məlumat verib. Xidmət rəsmisinin sözlərinə görə, həmin gün azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlar və altı ay qalmış kişilər azadlığa buraxılacaq.
Qeyd edək ki, bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib. Qərara əsasən, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanlar azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onlar cəzadan azad ediləcəklər. Təqribən 9 min şəxs amnistiyanın təsiri altına düşəcək. Onlardan 1700-dək məhkum azad olunacaq. Layihəni Milli Məclisə millət vəkili Mehriban Əliyeva təqdim etmişdi.
Xatırladaq ki, sonuncu dəfə ölkədə amnistiya aktı 2007-ci ilin mayında qəbul edilib. Bu qərar 10 minə yaxın məhbusa şamil olunmuşdu.
Anar Məmmədov /ANSPRESS/