Allahşükür Paşazadənin Türkiyəyə səfəri başlayır
09 Aprel 2012 Bazar Ertəsi 14:20
Qafqaz Müsəlmanları İdarəsinin sədri XV Avrasiya İqtisadi Zirvəsinə qatılacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 9-da Türkiyə Cümhuriyyətinə səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər Mərmərə Qrupu Vəqfi tərəfindən 10-12 aprel tarixlərində Türkiyənin İstanbul və İzmir şəhərlərində keçiriləcək XV Avrasiya İqtisadi Zirvəsinə dəvət əsasında həyata keçirilir.
Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı bu mötəbər toplantının builki zirvəsində enerji, iqtisadi, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaqdır.
QMİ sədri Şeyxülislam A. Paşazadə Zirvə çərçivəsində 12 aprel tarixində gerçəkləşdiriləcək Mədəniyyətlərarası Dialoq sessiyasına Fəxri qonaq olaraq xüsusi dəvət olunub.
Şeyxülislam A. Paşazadə zirvə toplantısında mədəniyyətlərarası dialoq və əməkdaşlıq mövzusunda məruzə ilə çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən olan dinlərarası dialoqa dair mövcud müsbət təcrübə barədə zirvə iştirakçılarına məlumat verəcəkdir.
DOSTLARINLA PAYLAŞ: