Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş klassik üslublu yeni beşmərtəbəli inzibati bina tezliklə istifadəyə veriləcək. Xətai rayonu ərazisində 2006-cı ildə təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş binada mərkəzləşdirilmiş havalandırma, soyutma və isitmə sistemləri, 5 lift quraşdırılıb. Otaqların arakəsməsi isə şüşədəndir. Binanın 1-ci mərtəbəsində 10-a yaxın böyük və kiçik məhkəmə zalları olacaq, təhlükəsizlik şöbəsi yerləşəcək. 2-ci və 3-cü mərtəbələr sədarət və hakimlər üçün nəzərdə tutulub. Kitabxana, muzey 4-cü mərtəbədə, yeməkxana və texniki otaqlar isə sonuncu mərtəbədə yerləşəcək. İclas zalları audio-video cihazlar, binanın girişi elektron kart sistemi, daimi video müşahidə və avtomat siqnalizasiya sistemi ilə təchiz olunub.
Qeyd edək ki, binanın memarı Vüqar Həsənovdur. Memarlıq işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən yeni bina Azərbaycan Memarlar İttifaqının “Müstəqillik dövrünün ən yaxşı layihəsi” nominasiyası üzrə müsabiqədə ikinci mükafata layiq görülüb.
Binanın tikintisində azsaylı çinli mütəxəssislərlə yanaşı, ümumilikdə 800-ə yaxın işçi çalışıb ki, onlardan 400-ə yaxını binanın tikintisində istifadə olunan materialların hazırlanmasını təmin edib./AzərTAc/