Akademik Milli Dram Teatrında 65 yaş senzi ilə bağlı heç kim işdən çıxarılmayıb
20 Oktyabr 2011 Cümə Axşamı 17:35
Teatrın direktoru: “İndiki halda teatrda bu məsələ ilə bağlı hansısa inqilabi işlər görmək fikrində deyilik".
Akademik Milli Dram Teatrında 65 yaş senzi ilə əlaqədar heç kim işdən çıxarılmayıb. Bununla bağlı APA-ya açıqlama verən teatrın direktoru İsrafil İsrafilov qeyd olunan məsələyə teatr sarıdan birbaşa yanaşmağın doğru olmadığını qeyd edib: “Bu məsələ teatra şamil olunsa da, sadəcə bu məsələdə teatra yaradı cəhətdən yanaşmaq lazımdır. Hər teatrın aktyor truppasının öz yükü, hər bir teatrın özünün strateji məqsədi var. İndiki halda teatrda bu məsələ ilə bağlı hansısa bir inqilabi işlər görmək fikrində deyilik”.
Teatr rəhbər onu da əlavə edib ki, hələlik teatr truppasında hər kəsin yeri var və yaşından asılı olmayaraq hər kəs çalışır: “Teatrda işləyən hər kəsin öz yeri var. Hələ ki, bununla bağlı biz hər hansı bir iş görməmişik”.
Onu da bildirək ki, hazırda teatrda 65 yaşda üç aktyor, 65 yaşdan yuxarı beş aktyor işləyir. Bunlar xalq artistləri Rəfael Dadaşov (65), əməkdar artistlər Məzahir Cəlilov (65), Ələsgər Məmmədoğlu (65), xalq artistləri Ramiz Məlik (68), Siyavuş Aslan (76), Rafiq Əzimov (73), Hacı İsmayılov (67), əməkdar artist Firuz Xudaverdiyevdir (72).
Eyni zamanda teatrda çalışan bir xanım rejissor assistenti, əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva 72 yaşındadır. APA
DOSTLARINLA PAYLAŞ: