Ailəsi Prezident İlham Əliyevi sənədli filmlə təbrik etdi
25 Dekabr 2011 Bazar 01:58
Mehriban Əliyeva: “Nadir şəxsiyyətlər haqqında danışmaq xüsusən də onların doğma və əziz adamlarına çox çətindir”.
Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı “XXI əsrin salnaməsi” adlı sənədli film Azərbaycan Televiziyası ilə nümayiş olunub. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, layihənin rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, ideya müəllifi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Sergey Şanoviçin rejissorluğu ilə çəkilmiş film Mehriban Əliyevanın bu fikirləri ilə başlayır: “Nadir şəxsiyyətlər haqqında danışmaq xüsusən də onların doğma və əziz adamlarına çox çətindir. Adətən insanlar haqlı olaraq deyirlər ki, görkəmli şəxsiyyətin əsl qiymətini zaman və tarix özü verəcək. Lakin tarixi yaddaş üçün son dərəcə vacibdir ki, belə şəxsiyyətlər haqqında onları yaxşı tanıyan insanlar öz fikirlərini söyləsinlər, öz düşüncələrini paylaşsınlar. Məhz buna görə mən bu gün Azərbaycan Prezidenti İlham Əliyev haqqında bir neçə kəlmə söz söyləmək və onun ad gününü təbrik etmək istəyirəm”.

Prezident İlham Əliyevin övladları, orta məktəb müəllimləri, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar dövlətimizin başçısı haqqında fikirlərini söyləyir, ona xoş arzularını çatdırırlar.

Dövlət başçısının həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu filmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanır. Filmdə Azərbaycan Prezidentinin ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində, xarici siyasətdəki mühüm xidmətlərindən bəhs olunur.

Dövlət başçısının portretini tamamlayan ştrixlərdən danışarkən ailə üzvləri onun yüksək intellekti, peşəkarlığı, əzmkarlığı, insana və insanlığın qələbəsinə inamını xüsusi qeyd edirlər.
Filmdə vurğulanır ki, Azərbaycan xalqının müdrikliyinə və istedadına inam Prezident İlham Əliyevin qəlbində hər zaman olub və olacaq. Elə buna görə də o, qarşısına qoyduğu hər bir məqsədə, arzuya çata bilib.

Azərbaycanın zəngin sərvətlərini, qədim mədəniyyətini, təbii gözəlliklərini, milli adət-ənənələrini və müasir inkişafını əks etdirən kadrlar filmi daha maraqlı və məzmunlu edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar