ADNA-dakı terrordan 3 il ötür
30 Aprel 2012 Bazar Ertəsi 01:09
Teror nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 3 il ötür. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
Ali təhsil ocağındakı qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilib. Ərazidə olan silahlanmış polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirsə də, hadisə itkisiz ötüşməyib.
Qanlı hadisə nəticəsində
1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
Və Akademiyaya süd məhsulları gətirən
12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü
Öldürülüb
Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu,
Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası
Hüseynli Zemfira Seyidi qızı,
Tələbələr
İsayev Kənan Tələt oğlu,
Suriya vətəndaşı olan Daas Muavviyya,
Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru,
Şirəliyev İlkin Azər oğlu,
Mustafayev Elşən Elbəyi oğlu,
Axundov Rəhman Sahib oğlu,
Cəmiyev Elvin Azər oğlu, 1989
Qurbanova Səbinə Əşrəf qızı,
Məmmədov Elşən Xanlar oğlu,
Cəfərov Bəxtiyar Aydın oğlu
Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.
Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.
Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Cinayət işi üzrə təqsirli bilinəndən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Ariz Qabulov 11, digər üç nəfər isə ömürlük olaraq azadlıqdan məhrum edilib.
Onu da bildirək ki, ADNA-da baş verən kütləvi qətlin sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.Mardan Qumaşyan barəsində beynəlxalq axtarış elan olunub. Onun barəsində cinayət işi ayrı icraatda aparılır.
Azərbaycanın nüfuzlu ali təhsil ocağında baş vermiş bu terror aktı insan itkisi ilə yanaşı, ölkənin genefonuna da ciddi zərbə vurdu. Erməni xüsusi xidmət orqanlarının məhz terror aktını ali məktəbdə törətməsi planı ölkə gəncliyinin hədəfə alınmasına hesablanmışdı.
DOSTLARINLA PAYLAŞ: