9 ayda Azərbaycanda 39 nəfər AİDS-dən ölüb
17 Noyabr 2011 Cümə Axşamı 16:51
Müvafiq zaman kəsiyində ölkədə 412 nəfərdə İİV-ə yoluxma aşkar olunub.
Bu ilin 9 ayı ərzində Azərbaycanda 412 nəfərdə İİV-ə yoluxma aşkar olunub. Onlardan 403-ü Azərbaycan vətəndaşı, 9-u isə əcnəbi vətəndaşdır. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 403 Azərbaycan vətəndaşından 296-sı kişi, 107-si qadındır.

Bu dövr ərzində QİÇS (AİDS) mərhələsinə keçən insanların sayı 160 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 155 nəfər, İİV infeksiyasından dünyasını dəyişənlərin sayı 39 nəfər olub. QİÇS mərhələsinə keçən insanlardan 5-i, ölənlərdən isə 1-i xarici vətəndaşdır.

İİV-ə yoluxması yeni aşkar olunan 403 nəfər azərbaycanlıdan 228-də (56,7 faiz) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 139-da (34,5 faiz) heteroseksual, 5-də (1,2 faiz) homoseksual təmas nəticəsində, 8-də (2 faiz) isə anadan uşağa keçməklə baş verib. 23 nəfərdə yoluxma yolu naməlumdur.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2011-ci ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 3135 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3024-ü azərbaycanlı, 111 nəfəri əcnəbidir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 415 nəfər olub, onlardan 409-u Azərbaycan vətəndaşıdır.

Hazırda İİV-lə yaşayan 821 insan antiretrovirus terapiyaya cəlb olunub, onlardan 234 nəfərinin müalicəsinə bu ilin 9 ayı ərzində başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar