“8 Martdır, Anacan”
07 Mart 2012 Çərşənbə 09:07
Xüsusi qayğıya ehtiyaclı uşaqların bu mövzuda rəsm sərgisi nümayiş olunacaq.
Sabah saat 15.00-da “Park Bulvar”da xüsusi qayğıya ehtiyacı olan və fiziki imkanları məhdud uşaqların “8 Martdır, Anacan” mövzusunda rəsm sərgisi nümayiş olunacaq. Azərbaycana Birgə Yardım Təşkilatının İctimaiyyətlə əlaqələr xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 8 mart Beynəlxalq Qadınlar gününə həsr ediləcək sərgidə uşaqlar həmçinin canlı olaraq rəsm çəkəcək.
Azərbaycana Birgə Yardım Təşkilatın Ailələrə Dəstək Mərkəzinin xidmətlərindən faydalanan ünsiyyət problemli uşaqlar artıq iki ildir ki, rəsm dərsləri alır, öz fikir və təxəyyüllərini rəngli boyalarla çatdırırlar. Vaxtilə cəmiyyətdən, sosial həyatdan təcrid olunan, təhsildən geri qalan və ünsiyyətdən çəkinən həmin azyaşlılar, indi mütəmadi olaraq dərnəklərə qatılır, rəsmlə yanaşı, rəqs və foto dərsləri də alırlar.
Qeyd edək ki, artıq iki ildir ki, Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində həyata keçirilən “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsinə Bakıda Yasamal Ailə Dəstək Mərkəzində start verilib, sonradan layihə Xaçmaz və Gəncə icma əsaslı reabilitasiya mərkəzlərini də əhatə edib. Layihənin əsas məqsədi, müxtəlif dərnəklər vasitəsilə xüsusi qayğıya ehtiyaclı uşaqların ünsiyyət bacarıqlarını artırmaq, onların cəmiyyət üçün faydalı vətəndaşlara çevirməkdir.
DOSTLARINLA PAYLAŞ: