Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat verib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilib ki, ermənilərin azərbaycanlılara qarşı genetik nifrəti özünü tarixin bütün dövrlərində büruzə verib: “Qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutmuşlar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətmişlər. Martın 31-i və aprelin 1-də qırğınlar kütləvi şəkil alıb. Erməni daşnakları üç gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər. Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib”.
Ombudsman nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırıb, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inandığını bildirib.
Bəyanat BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
APA