2015-ci ildə daha üç metrostansiya istifadəyə veriləcək
08 Noyabr 2011 Çərşənbə Axşamı 13:45
Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Uzunmüddətli perspektivdə Bakı Metropoliteninin xətlərinin sayı 5-ə, stansiyaların sayı 76-ya, ümumi yolların uzunluğu isə 119 km-dək çatdırılacaq. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı Metropoliteninin 2 xətti, 23 stansiyası və 31,5 km-ə yaxın yolu mövcuddur: "Bakı Metropoliteninin İnkişaf Planına əsasən, 2030-cu ildə xətlərin sayının 5-ə, stansiyaların sayının 76-ya, yolların ümumi uzunluğunun isə 119 kilometrə çatdırılması nəzərdə tutulur. Bu da Bakı şəhərini tam əhatə edəcək, yəni hər bir stansiya arası məsafə 900 metrdən çox olmayacaq".
Yeni metro stansiyalarının tikintisindən danışan T.Əhmədov onu da bildirib ki, artıq 2011-ci ildə "Dərnəgül" stansiyası təhvil verilib: "Biz 2013-cü ilin sonuna "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını, 2015-ci ilin sonunadək isə "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarını istifadəyə vermək niyyətindəyik. Onu da qeyd etmək istərdim ki, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları 7 vaqonluq olacaq. Əgər hazırda stansiyaların platformaları 5 vaqonluqdursa, bu iki stansiyalar 7 vaqonluq olacaq. Vaqonlar paslanmayan dəmirdən, enli və kondisionerli olacaq".
Metropolitendə təhlükəsizliyin təmin olunmasına gəldikdə isə T. Əhmədov qeyd edib ki, metropolitendə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. Belə ki, hazırda Bakı Metropolitenində üst tanınma, sayma və videomüşahidə kameraları quraşdırılıb: “Görülən işlər məni tam qane edir – o baxımdan ki, dünya metropolitenindən fərqli bizim 3 minədək videomüşahidə kameramız mövcuddur. Üst tanınma kamerası isə MDB məkanında yalnız Bakı Metropolitenindədir”.
Qeyd edək ki, 44 il bundan öncə, yəni 1967-ci ilin noyabrın 6-da Bakı Metropolitenində ilk qatar yola salınıb.
DOSTLARINLA PAYLAŞ: