2011-ci ildə Mətbuat Şurasına 651 müraciət daxil olub
12 Yanvar 2012 Cümə Axşamı 14:22
Mətbuat Şurasına Bakı şəhəri üzrə daxil olmuş şikayətlərin sayı 2010-cu illə müqayisədə azalıb.
2011-ci ildə Mətbuat Şurasına 651 müraciət daxil olub ki, bunun 499-u şikayət xarakterlidir. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirib.
"Bu şikayətlərin əksəriyyəti vətəndaşlardan daxil olub. Həmçinin müxtəlif dövlət idarələri, müəssisələr, ictimai təşkilatlar və siyasi partiyalardan da şikayətlər qeydə alınıb", - deyə o söyləyib.
Sədrin sözlərinə görə, Mətbuat Şurasına Bakı şəhəri üzrə daxil olmuş şikayətlərin sayı 2010-cu illə müqayisədə azalıb. "Paytaxtdan daxil olmuş şikayətlər 35-40% təşkil edir, qalan şikayətlər respublikanın müxtəlif şəhər və rayonlarından daxil olub. Regionlardan daxil olan şikayətlərin sayı artıb”, - deyə Ə.Amaşov bildirib.
O qeyd edib ki, ötən il aşkarlanmış pozuntularla əlaqədar doqquz qəzetə xəbərdarlıq edilib, daha doqquz qəzet isə Mətbuat Şurasının "qara siyahı"sına salınıb.
DOSTLARINLA PAYLAŞ: