15 may Beynəlxalq Ailə günüdür. Bununla əlaqədar olaraq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənc ailələr arasında ənənəvi olaraq “Mənim ailəm” festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festivalın builki proqramına əsasən gənc ailələr gün ərzində əyləncəli-musiqi, əyləncəli-idman, intellektual bilik yarışlarında, foto və rəsm müsabiqələrində iştirak etməklə öz aralarında yarışacaqlar.
Festivalın keçirilməsində əsas məqsəd gənc ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə ailə dəyərlərinin təbliğ edilməsi, sağlam və möhkəm ailələrin qurulmasına ictimai dəstək göstərilməsi, ictimaiyyətin diqqətini və səylərini onların sosial problemlərinin həllinə cəlb edilməsi, gənc ailələrin tərbiyəvi funksiyalarının gücləndirilməsinə əlverişli şəraitin yaradılması, onların ailəvi istirahətinin və asudə vaxtının mənalı təşkili, həmçinin 15 may Beynəlxalq Ailə Gününün qeyd edilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsidir.
Ötən illərdə olduğu kimi bu il də festivalda Bakı şəhərindən olan ailələrlə yanaşı, respublikamızın əksər regionlarından olan gənc ailələr iştirak edəcək. Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq. /ANS PRESS/