119 yaşlı Sandıx nənənin arzusu
12 Mart 2009 Cümə Axşamı 15:50
Mingəçevir rayonunda 119 yaşlı qadın yaşayır. Onu hamı «Sandıx nənə» kimi çağırır. Elə bilməyin ki, nənənin böyük, qədim və içi dolu sandığı olduğundan, onu belə çağırırlar.

Sandıx nənə 02.01.1890-cı ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olub. Ailələrində dalbadal qız övladları dünyaya gəldiyinə görə babası «Usandıq, bu qızlardan» deyə etiraz edib. Nənənin adı da sanki erroziyaya uğrayaraq axırda Sandıx qalıb. Körpənin valideynləri babanın sözünə qüvvət qızlarının adını Sandıx qoyublar.
Sandıx nənənin 13 yaşı tamam olan kimi özündən yaşca böyük qohumuna ərə verirlər. Molla kəbin kəsərkən Sandıx nənənin bir stəkan su üçün ağladığını görür və zarafaеyana deyir ki, bir gün bu gəlin evdə pul qurtaranda dava salacaq. Onun iki qızı olur. Əri isə müharibədən qayıtmır. Sandıx nənə qızlarını böyüdür, ərə verir.
Kolxoz sistemi qurulanda Sandıx nənə pambıqçı kimi işə başlayır, hətta manqa başçısı da olub. 1965-ci ildə nənə Sosialist Əməyi Qəhrəmanı medalı ilə təltif olunur. Daha sonra Mingəçevir şəhərinə köçür və hələ də Təbriz küçəsi 5 ünvanında yaşayır. Qonşuların səfərə çıxarkən xeyir-dua aldığı həya abidəsi -Sandıx nənə həyətə çıxmaqdan xoşlanmadığı kimi, qarşısındakılarla söhbət zamanı hətta yaşmaqlanır.
Sərbəst şəkildə özü hərəkət edən nənənin qulaqları zəif eşidir. Yaddaşı isə yerindədir. Azərbaycanın canlı tarixi 3 əsirlik ömrünü Allaha şükürlə keçirdiyini söyləyir. Hər zaman Allaha dua edir ki, Azərbaycanın üzərindən qara buludlar çəkilsin. Müharibə tezliklə qurtarsın, qaçqınlar öz yurd-yuvalarına qayıtsınlar. Allah arzuna çatdırsın Sandıx nənə!

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar