Yeznəsini güllələyən şəxs Rusiyaya qaça bilmədi
27 Fevral 2012 Bazar Ertəsi 23:29
54 yaşlı İsmayıl Hümbətov polis tərəfindən saxlanılıb.
Fevral ayının əvvəlində Bakının Xətai rayonu ərazisində öz yaxın qohumunu güllələyərək hadisə yerindən qaçmış şəxs nəhayət ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Qeyd edək ki, NZS qəsəbəsi, Mingəçevir küçəsi, 4 ünvanında qeydə alınmış hadisə zamanı 1958-ci il təvəllüdlü Hümbətov İsmayıl İmran oğlu öz yeznəsi, 1971-ci il təvəllüdlü Əliyev Müqabil Qədim oğlunun evinə gələrək ov tüfəngi ilə onun sinəsinə atəş açıb və qaçıb. Yaralı Müqabil Əliyev təcili xəstəxanaya yerləşdirilib.

37-ci Polis Bölməsinin əməliyyat müvəkkili Rövşən Camalovun sözlərinə görə, İ. Hümbətov cinayəti törədəndən sonra Qusara qaçıb: “Oradan da o, Rusiyaya keçmək istəyirdi. Qusar polisi ilə birgə o tutulub, amma onun cinayətdə işlətdiyi silah hələ tapılmayıb”.

Faktın təfərrüatlarını Xətai Prokurorluğu araşdırır. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 29, 120.1-ci - qəsdən adam öldürməyə cəhd maddəsilə cinayət işi başlanılıb. İlkin versiya olaraq hadisənin ailə-məişət zəminində yaranmış münaqişə zamanı baş verdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar