Yeni gəlin əri və qayınanası tərəfindən döyüldü
29 Mart 2011 Çərşənbə Axşamı 16:18
Məsələyə polis tərəfindən hüquqi qiymət veriləcək
Lənkəran rayonunun Ürgə kənd sakini Günel Qasım qızı Qasımova əri və qayınanası tərəfindən döyülüb. ANS TV-nin məlumatına görə, Günel Qasımova 1988-ci ildə Lənkəran rayonunun yuxarı Nüvədi kəndində anadan olub. 2 il öncə Ürgə kəndində yaşayan Cavid Məri oğlu Nağıyev ilə ailə həyatı qurub. Qayınanası ilə birgə yaşayan Günel onunla münasibətlərini heç cür normallaşdıra bilməyib. Hərdən bir qayınana-gəlin mübahisəsinə ər də qarışıb. Günelin bu il martın 2-də oğul övladı dünyaya gətirməsi də aradakı münaqişəni yatırtmayıb. Bu mübahisələrdən sonuncusu isə martın 26-da olub. Səhər-səhər günün başlanması ilə qayınana-gəlin arasında mübahisələr başlayıb. Yuxudan səsə oyanan Cavid günahı Güneldə görərək onu özünəməxsus formada cəzalandırmağa başlayıb.
Günel Qasımovanın sözlərinə görə, bu işdə Cavidin anası da ona yardımçı olub: “Yoldaşım odun sobasının qarşısından maşanı götürüb məni vurdu. Sonra isə qayınanam odunu götürüb bel nahiyəmə vurmağa başladı. Birtəhər uşağı götürüb qaçdım. Qonşu gəldi, taksi çağırıb məni Lənkəran şəhər Mərkəzi Xəstəxanasına apardı”.
Xəstəxananın Travmatalogiya şöbəsinin müdiri Rövşən İmamverdiyev bildirib ki, müayinə zamanı xəstənin alın və təpə nahiyəsində kəsilmiş yara, sol çiyin və kürək nahiyəsində əzilmə və qançırlar müəyyən edilib. Bel nahiyəsində qapalı travma və əzilmə aşkarlanıb. Xəstəyə ilkin yardım göstərilib, yaralı müalicəsini davam etdirmək üçün xəstəxanada qalıb. Vəziyyəti ağırdır.
Dəfələrlə əri və qayınanası tərəfindən döyülməsinə dözə bilməyən G.Qasımova bu dəfə onun çəkdiklərinə hüquqi qiymət verilməsi üçün ərizə ilə Lənkəran şəhər polis şöbəsinə müraciət edib.
Lənkəran şəhər polis şöbəsinin təhqiqat bölməsinin rəisi Səadət Qəmbərov ANS-ə bildirib ki, hazırda araşdırma aparılır. Nəticədən asılı olaraq qərar qəbul ediləcək.
DOSTLARINLA PAYLAŞ: