Yəməndə fövqəladə vəziyyət elan edilib
19 Mart 2011 Şənbə 10:03
Toqquşmalarda ilk jurnalist ölüb
Yəməndə ötən gün onlarla insanın ölümü və yaralanması ilə nəticələnən anti-hökumət nümayişindən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yəmən prezidenti Əli Abdulla Salehin bəyan etdiyi bu göstəriş bütün ölkə ərazisi üçün şamil olunur.
Fövqəladə vəziyyət rejimi çərçivəsində kamendant saatı da tətbiq edilib. Əli Abdulla Saleh qərarın milli təhlükəsizlik şurası tərəfindən verildiyini bildirsə də, onun qüvvədə olacağı müddəti açıqlamayıb. Ancaq Əli Abdulla Salehin sözlərinə görə ordu ölkədə sabitliyin qorunması üçün məsuliyyət daşıyacaq.
Yəmən prezidenti ötən gün paytaxt Sənanın mərkəzi meydanında baş verən toqquşmalara görə təəssüf etdiyini də deyib. O, anti-hökumət nümayişçiləri arasında silahlı şəxslərin olduğunu da qeyd edib.
Təhlükəsizlik qüvvələrinin anti-hökumət nümayişçilərinə açdığı atəş nəticəsində 41 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Onlardan çoxunun vəziyyəti ağırdır. Ölənlərin sayının artacağı gözlənilir.
Ölənlər arasında gündəlik əl-Masdar qəzetinin fotomüxbiri Camal əl-Şaraabi də var. O, Yəməndə anti-hökumət nümayişlərinin başladığı vaxtdan bəri ölən ilk jurnalist olub.
Cümə ibadətindən sonra prezidentin 32 illik hakimiyyətinə son qoyulması tələbi ilə nümayişlər paytaxtla yanaşı, Taiz, İbb, Hodida, Ədən və Əmran şəhərlərində də keçirilib.
Müxalifət isə hökumətlə hər hansı danışıqların mümkünlüyünü istisna edib. «Bu rejimlə qarşılıqlı anlaşma artıq heç bir halda mümkün deyil. Prezidentin hakimiyyəti xalqa təhvil verməkdən başqa seçimi yoxdur»- müxalifət liderləri belə deyib.
Ərəb Ölkələri Liqası isə Yəməndə baş verənlərə narahatlıq ifadə edib və vəziyyətlə bağlı məsləhətləşmələr aparmağı qərara alıb.
Amerika Birləşmiş Ştatların prezidenti Barak Obama da Yəməndə baş verənləri pisləyərək bu ölkənin liderini dinc nümayişlərin keçirilməsinə icazə verməyə çağırıb. Dövlət katibi Hillari Klinton isə Amerika Birləşmiş Ştatların Yəməndəki böhranın siyasi yolla həllini görmək istəyidiiyini deyib.
DOSTLARINLA PAYLAŞ: