Yəmən ordusu silahlıları bombaladı,
06 Sentyabr 2011 Çərşənbə Axşamı 03:12
Qırıcılar terrorçuların sığınacaqları ilə yaşayşı binalarını səhv salıb
Yəmənin hökumət qoşunları ölkənin cənubunda “Əl Qaidə” tərəfindən ələ keçirilən şəhərləri azad etmək üçün əməliyyatları davam etdirir. Ötən gün hava hücumları zamanı terrorçuların sığınacaqları ilə yaşayış evləri səhv salınıb. Nəticədə 30 dinc sakin və cəmi 10 terrorçu ölüb.

Yəmən təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib ki, Hərbi Hava Qüvvələri terrorçuların əlində olan Abyan əyalətinin inzibati mərkəzi Zincibardan 2 kilometr şimalda yerləşən Caar şəhərində silahlıların sığınacaqlarına zərbələr endirib. Yəmən ordusunun təyyarələri silahlıların sığınacaqları ilə yanaşı bir neçə yaşayış binasına da zərbə endirib. Bundan başqa, silahlıların gizlənməyə üstünlük verdiyi, lakin mülki əhalinin də olduğu məntəqələri və hospitallara da hücum edilib.

Qeyd edək ki, Abyanda döyüşlər mayın sonlarından davam edir. Həmin vaxt yüzlərlə silahlı Zincibar şəhərini, ardınca isə bir neçə qonşu şəhəri ələ keçirib. Yəmən ordusunun aviasiya, artilleriya və ağır zirehli texnikanın köməkliyi ilə şəhəri mühasirəyə almaq cəhdləri hələlik uğur gətirməyib.

“Əl Qaidə”nin Yəməndəki “Ərəb yarımadasında “Əl Qaidə”” adlı özəyi regionda və dünyada ən fəal qruplaşmalardan sayılır. Bu qruplaşmanın liderləri 2010-cu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində yük təyyarəsinin qəzaya uğraması və London yaxınlığına bağlamalarda partlayıcı qurğuların göndərilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdülər.

Yəməndə silahlılarla mübarizəni fevraldan davam edən hökumət əleyhinə etirazlar da mane olur. Qərb KİV-inin məlumatına görə, prezident Əli Abdulla Salehin istefası tələbi ilə keçirilən aksiyalar zamanı yüzlərlə adam ölüb. Prezidentin özü isə iyunun əvvəllərində hücuma məruz qalaraq, qəlpə yaraları və yanıq xəsarətləri alıb. Əli Abdulla Saleh o vaxtdan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda müalicə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar