Yaxın Şərdə etirazlar: onlarla adam ölüb
18 Fevral 2011 Cümə 12:23
Liviyada etiraz dalğası kritik həddə çatıb
Ərəb ölkələrini bürüyən etiraz aksiyaları Liviyada ən kritik həddə çatıb. Prezident Müəmmər Qəddafi əleyhinə nümayişlərdə baş verən qarşıdurmalarda 20 nəfər ölüb, 35 adam yaralanıb. Polis Benqazi və Beyda şəhərlərində nümayişçilərə qarşı odlu silahdan istifadə edib. Ən son məlumatlara görə, Liviyanın daxili təhlükəsizlik qüvvələri onlarla nümayişçini həbs edib.
Bəhreynin paytaxtına aksiya iştirakçıları arasında qarşıdurmadan sonra hərbi birləşmələr və tank birlikləri daxil olub. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Aksiya zamanı 5 nəfərin öldüyü, 200-ə qədər insanın müxtəlif dərəcədə xəsarət aldığı bildirilir. Hərbçilər insanların toplaşmasını qadağan ediblər. Daxili İşlər Nazirliyi insanlara evlərində qalmağı məsləhət görüb.
Yəməndə də aksiyaların 7-ci günündə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib. Prezident Əli Abdulla Salihin istefasını tələb edən aksiya iştirakçıları Səna Universitetinə toplandıqları zaman Salih tərəfdarları dəyənəklərlə onlara hücum ediblər. Hadisə nəticəsində 2 nəfər həlak olub, “Associated Press” xəbər agentliyinin işçisi də yaralanıb, 3 qəzet əməkdaşı isə döyülüb.
İraqın Süleymaniyyə şəhərində də yüzlərlə kürd ölkənin şimalında siyasi islahatlar keçirmək tələbi ilə aksiya keçirib. Kürd təhlükəsizlik qüvvələri kütləyə atəş açmaqdan belə çəkinməyib. Nəticədə 2 nəfər ölüb, 47 nəfər isə yaralanıb. Aksiya iştirakçıları daha sonra Şimali İraqda regional kürd hökumətinin lideri Məsud Bərzaninin partiyasının iqamətgahına doğru yürüş edib, binanı daşa tutublar.
Yaxın Şərqdə hökumət-əleyhinə etiraz dalğası İordan çayının qərb sahilinə çatıb. Ramallah şəhərində yüzlərlə fələstinli Qəzza zolağını idarə edən Həmas təşkilatı ilə qərb sahilini idarə edən Fəth təşkilatlarının birləşməsini tələb ediblər.
Yaxın Şərqdəki siyasi ab -hava Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Kapitolidə hüquq müdafiəçiləri ilə görüşü zamanı əsas müzakirə obyekti olub. Hillari Klinton bildirib ki, ABŞ hökuməti Misirdə hakimiyyətin təhvil verilməsi üçün 150 milyon dollar verməyi nəzərdə tutur. Klinton həmçinin Bəhreyn xarici işlər nazirini ABŞ-ın narahatçılığını nəzərə almağa çağırıb.
BMT baş katibi Ban Ki Mun Bəhreyndə və Yaxın Şərqin istənilən ölkəsində dinc aksiyaların yatırılmasında zorakılıqdan əl çəkməyə çağırıb.
DOSTLARINLA PAYLAŞ: