Yataqxanadakı yanğından ölənlərin sayı artdı
11 Fevral 2011 Cümə 23:40
69 yaşlı Səfurə Bağırova bu gün xəstəxanada dünyasını dəyişib
Fevralın 4-də Yasamal rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla müşahidə olunan partlayış zamanı həlak olanların sayı 2-ə çatıb. Hadisə zamanı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Səfurə Bağırova bu gün dünyasını dəyişib.
Hal-hazırda isə Səfura xanım və yanğından ziyan çəkən digər mənzil sahiblərinin evində təmir-bərpa işləri aparılır. Ən çox xəsarət görən binanın ikinci mərtəbəsində naqillər yenilənib, evlərin qapı və pəncərələri dəyişdirilmək üzrədir. Müvəqqəti olaraq qohumlarının evində məskunlaşan bina sakinlərinə bir həftəyə qədər evlərinə yığışa biləcəklərinə dair söz verilib. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə deyiblər ki, həmin ünvandan idarəyə artıq bir neçə müraciət daxil olub və hazırda problemlərin həlli istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, yanvarın 4-də yataqxanın 2-i mərtəbəsində Cəfərov Rəhman Qulam oğluna məxsus otaqda qaz sızmasından partlayış baş verib. Nəticədə otaq sahibi aldığı xəsarətlərdən yerindəcə keçinib. 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
DOSTLARINLA PAYLAŞ: