Yaşlı “Kamaz” sürücüsü möhkəm döyülüb
04 Avqust 2011 Cümə Axşamı 05:57
Həkim zərərçəkmişin qabırğalarının sındığını, bədənində əziklər olduğunu deyib
Ötən axşam Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib. Sabirabad rayonu sakini 59 yaşlı Əmiraslanov Əbülfəz Hacıağa oğlu tanımadığı şəxslər tərəfindən möhkəm döyülüb. Yoldan keçən vətəndaşlar tərəfindən Siyəzən rayon xəstəxanasına çatdırılan zərərçəkmişə burda lazımi tibbi yardım göstərilmədiyi üçün yaralı Bakı “Məlikov” adına respublika klinik xəstəxanasına çatdırılıb. Yaralı həkim heyəti tərəfindən müayinə olunub və onda döyülmə əlamətləri aşkar edilib. Cərrah Rəşid Quliyev zərərçəkmişin qabırğalarının sındığını, bədənində əziklər olduğunu, vəziyyətinin orta ağır olduğunu qeyd edib.

Məlumata görə, Əbülfəz Əmiraslanov özünə məxsus olan “Kamaz” markalı yük maşını ilə Şabran rayonundan yük gətirirmiş. Bu vaxt ona yol patrul xidməti əməkdaşları tərəfindən saxla əmri verilib. Ancaq avtomaşın yüklü olduğu üçün Əbülfəz kişi onu vaxtında dayandıra bilməyib. Zərərçəkmişin oğlu Müşfiq Əmiraslanov polisin “Kamaz”ı dayandırmaq üçün yoldam keçən minik avtomobilindən istifadə etdiyini deyib: “Yoldan keçən başqa balaca maşınlar var idi. Polis onlara dedi ki, siz “Kamaz”ın qabağında saxlayın. Onlar da saxlayanda yük maşını 2107 markalı maşına dəydi. Həmin maşında üç oğlan var idi. Onlar da düşüb kişini döyüblər”.

Qeyd edək ki, faktla bağlı Yasamal rayon polis idarəsinə və aidiyyəti üzrə Xaçmaz rayon polis şöbəsinə məlumat verilib. Əbülfəz Əmiraslanovu döyməkdə şübhəli bilinən şəxslər də artıq saxlanılıb və ifadələri alınıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar