Yasamalda 3 nəfər 1 nəfəri döyərək ayağını sındırıblar
23 Noyabr 2011 Çərşənbə 06:30
Dava dalaşın səbəbləri hələlik bilinmir.
Bakıda 18 yaşlı gənc yaşıdları tərəfindən möhkəm döyülüb. Hadisə Yasamal rayonunda baş verib. İkinci Alatava qəsəbəsində yerləşən internet klublarının birində tanıdığı digər gənclərlə mübahisə edən paytaxt sakini Məmmədov Anar Murad oğlu sonradan həmin şəxslərlə əlbəyaxa olub. Mübahisə sonradan internet klubun qarşısında davam edib və təxminən üç nəfər Anar Məmmədovu döyərək ona ciddi bədən xəsarətləri yetiriblər.
Zərərçəkmiş Məmmədov sonradan yaxınlarının köməkliyi ilə 1 saylı xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən keçən zaman yaralı məmmədova kəllə beyin travması, baş beyinin silkələnməsi, həmçinin sol ayağının sümüyünün sınması diaqnozu təyin edilib. Lazımi tibbi yardım göstərildikdən sonra o, sonrakı müayinə və müalicə üçün həkim nəzarətinə verilib.
Qeyd edək ki, artıq bu barədə zərərçəkmişin yaxınları Yasamal rayon polis idarəsinə də məlumat veriblər. İdarənin əməkdaşları artıq müəyyən şəxsləri məsuliyyətə cəlb edərək onların ifadəsini də alıb. Gənclər arasında yaranmış dava-dalaşa səbəb olan mübahisənin nəyin üstündə meydana gəlməsi müəyyən edilməsə də, bu istiqamətdə araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: