YAP icra katibinin adından sui-istifadə olunması faktı aşkarlanıb
26 May 2011 Cümə Axşamı 16:36
Bir neçə gün əvvəl «Yeni Müsavat» qəzetində Vergilər Nazirliyinin Audit Departamentinin yerləşdiyi binanın Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova məxsus olması ilə bağlı məlumat dərc olunub.
Məlumatda bildirilib ki, icra katibi bu binanı Vergilər Nazirliyinin Audit Departamentinə icarəyə verilib. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə lent.az saytına həmin binanın Əli Əhmədova heç bir aidiyyətinin olmadığını, yazıda göstərilənlərin həqiqətdən uzaq olduğunu bildirmişdi.
APA-nın bu məsələ ilə bağlı apardığı araşdırma zamanı çox maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, həmin bina ilə bağlı doğrudan da YAP icra katibinin adı hallandırılıb.
Binanın sahibləri Zeynalov Nüsrət Məmməd oğlu və soyadını dəqiqləşdirə bilmədiyimiz Tofiq adlı şəxslərdir. Əslində bina doğrudan da Vergilər Nazirliyinin strukturuna icarəyə verilib. Vergilər Departamenti ilə icarə müqaviləsini də Nüsrət Zeynalov imzalayıb. Amma bu binanın və sahiblərinin Əli Əhmədovla heç bir əlaqələri yoxdur.
Məlumatlı mənbənin APA-ya bildirdiyinə görə, bina ilə bağlı məlumatlar gündəliyə gələndən sonra aparılan araşdırma zamanı bəlli olub ki, bu şəxslər həqiqətən də Əli Əhmədovun adından sui-istifadə ediblər: “ Çünki bina tikinti və şəhərsalma qaydalarını kobud şəkildə pozmaqla inşa edilib. Bu bina əslində «Ramstore» mağazasının yanında avtomobil yolunun və yol qovşağının demək olar ki, ortasında inşa edilib. Bu səbəbdən Babək prospektindən Heydər Əliyev prospektinə çıxış zamanı daim böyük tıxaclar yaranır. Dəfələrlə binanın sökülməsi məsələsi qaldırılsa da, mülkün sahibləri olan Nüsrət və Tofiq Əli Əhmədovun adından istifadə edərək, söküntünün qarşısını almağa nail olublar”.
Mənbənin bildirdiyinə görə, araşdırma zamanı mövzunun «Yeni Müsavat» qəzetində işıqlandırılmasının səbəbi də orta çıxıb: “Mülkün sahiblərindən birinin qəzet rəhbərliyi ilə yaxın münasibətləri var. Avtomobil nəqliyyatının intensiv hərəkət etdiyi yolun ortasında tikilmiş binanın sökülməsi məsələsi yenidən müzakirə olunur. Əslində məqsəd YAP İcra Katibliyini gözdən salmaqla yanaşı həm də sökülməli olan binanın guya Əli Əhmədova məxsus olmasını ilə bağlı fikir yaratmaq və bunu ictimailəşdirməklə prosesi qabaqlamaq, öz yaxın adamlarına kömək göstərmək olub”.
YAP mətbuat xidmətindən məsələyə münasibət bildirmək istəməyiblər.
DOSTLARINLA PAYLAŞ: