Xətai rayonu sakinlərinin canı qurtardı
15 İyul 2010 Cümə Axşamı 17:35
Hamının biznesmen kimi tanıdığı oğru həbs edildi.
Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçıları sehrbaz oğrunu nəhayət ki, həbs edib. Bu şəxsi ona görə sehrbaz adlandırmaq olar ki, artıq bir neçə ildir paytaxtda, əsasən də Xətai rayonu ərazisində mənzillər qarət olunurdu, amma hər hansisa bir iz aşkar edilmədiyindən oğrunu tutmaq mümkün olmurdu. Lakin gec də olsa, polislər həmin şəxsi yaxalamağa nail olublar. Saxlanılan Ramin Sultanovun indiyə qədər haqqında yazdığımız oğrulardan tamamilə fərqlənir. Onun 4 ədəd ən son model maşını, ən son dəbə uyğun təmirli evi və villası, hətta özülünü yenicə tökdürdüyü bağ evi də var.

Ramin Sultanov oğurluğa ötən əsrin 90-cı illərindən başlayıb. O vaxtdan bu vaxta qədər işi-gücü ancaq evlərin pəncərəsindən içəri keçib pul və qızıl-zinət əşyaları yığışdırıb çıxmaq olub. 1998-ci ildən 2002-ci ilin dekabr ayına kimi 18 evdən oğurluq etdiyinə görə məhkum olunub. Bu dəfə saxlanmasına səbəb isə azadlığa çıxandan sonra, yəni demək olar ki, 2003-cü ilin əvvəllərindən bu vaxta qədər etdiyi oğurluqlardır. Paytaxt polisi onu artıq bir neçə il idi ki, müəyyən edə bilmirdi. Nəhayət Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçılarının keçirdiyi axtarışlar öz nəticəsini verib. Təkcə Xətai rayon ərazisindəki evlərdən yarım milyon manatdan çox oğurluq edən 31 yaşlı Ramin Sultanov kənd Əhmədlidə qeydiyyatdadır.

Ramin dindirilmə zamanı təxminən 8 evdən oğurluq etməsini etiraf edib. Hədəfə aldığı evlər isə əsasən binaların ikinci mərtəbələri olub. Evlərə isə dəmir barmaqlıqları əymək yolu ilə keçə bilirmiş.

R. Soltanov 2008-ci ilin dekabrın 4-də M. Mehdizadə küçəsində Nazilə Əhmədovanın, 2009-cu ilin aprel ayının 8-də Xocalı prospektində Polad Paşayevin, mayın 25-də Y. Səfərli küçəsində Aynur Aytarın, iyunun 16-da A. M. Cümə küçəsində Emil Məlikovun, dekabrın 14-də Mətbuat prospektində Vüsal Allahverdiyevin, dekabrın 15-də Dəmirçizadə küçəsində Samir Qaraşovun, dekabrın 25-də S. Vəzirov küçəsində Qadir Həsənovun mənzilindən pul və qızıl-zinət əşyaları oğurlayıb. R. Soltanov 2010-cu ilin yanvar ayının 6-da Orucəliyev küçəsində Gelena Axmedovanın, fevralın 17-də Tağızadə küçəsində Heydər Tağıyevin, fevralın 22-də Senyuşkin küçəsində Ramin Məmmədovun evindən pul və qızıl zinət əşyaları oğurladığı məlum olub. R. Soltanov bütün bu oğurluq faktları ilə yanaşı mart ayının 4-ü, 7-i, 10-u və 16-sı tarixlərində Rüfət İsmayılovun, Seyfəli Məmmədovun, Rövşən Əliyevin və Namiq Ələsgərovun mənzilindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

İstintaq araşdırmaları zamanı məlum olub ki, Ramin Sultanov indiyə kimi oğurluqlardan əldə etdiyi pul və zinət əşyalarının hesabına özünə əməlli-başlı şərait qurub. İstintaq Raminin “Hyundai Genesis”, “Hyundai I”, “Toyota Prado” və “Toyota Yaris” markalı 4 maşınının olmasını, Yeni Günəşli qəsəbəsində ən son dəbə uyğun təmirli və avdanlıqlarla təmin olunmuş mənzilinin, Hövsan qəsəbəsində villasının, və Xəzər rayonu Şağan qəsəbəsində tikdirməyə yenicə başladığı bağ evinin mövcudluğunu aşkarlayıb. Məlum olub ki, ramin oğurluqlara əsasən “Toyota Prado” markalı maşını ilə gedirmiş. Maşının çoxluğundan bezən Ramin avtomobillərdən birini isə baldızına hədiyyə edibmiş.

Ramin polislər tərəfindən yaşadığı evindən qandallanıb aparılanda həyətdə olan qonşular gözlərinə inanmayıblar. Çünki hami onu ya vəzifəli və ya güclü bir biznesmen kimi tanıyırmış. 3 uşaq atası olan Ramin Sultanovu indi daha ağır cəza gözləyir. Çünki ikinci dəfə oğurluq üstündə tutulması onun işini ağırlaşdırıb. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar