Xəstəyə baş çəkməyə gəldi, qohumu tərəfindən bıçaqlandı
11 Yanvar 2012 Çərşənbə 23:13
Qohumunu bıçaqlayaraq qaçan şəxs polisin əlinə keçib.
Xəstəxanaya xəstə yanına gələn şəxs qohumu tərəfindən bıçaqlanıb. Öz qohumunu bıçaqlayaraq qaçan şəxs isə nəhayət ki, polisin əlinə keçib.

Qeyd edək ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. Yaxın qohumu olan Qasım adlı şəxslə şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı ona bir neçə bıçaq zərbəsi endirən Elşad Dadaşov bu günə qədər istintaqdan yayınsa da, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları onun qollarını qandallayaraq istintaq məsuliyyətinə cəlb ediblər.

“Xəstəmiz var idi. Onun yanında idik. Gəldi başladı söyüş söyməyə, əl qol atdı. Mən də vurdum”, - deyə saxlanılan şəxs Elşad Dadaşov bildirib.
.
Elşad Dadaşovun sözlərinə görə, bıçağa özünü müdafiə məqsədi ilə əl atıb. Daha dəqiq desək, Qasımın tək olmadığını, yanında bir yoldaşının olduğunu görən Elşad ona atılan yumruq zərbələrindən bıçaq gücünə qurtulduğunu iddia edib. Onu da bildirək ki, bu vaxtacan polisdən yayınan Dadaşov sakitcə öz işi ilə, yəni kafe işlətməklə məşğul imiş.

O bildirib ki, axtarışda olduğunu sonradan bilib: “Gəlib təslim olacaqdım. Xəstəmiz var idi deyə, baş qarışmışdı”.

Bu vaxtacan polisi axtarışlara vadar edən E. Dadaşova qarşı istintaqçıların mövqeyi birmənalıdır. Yəni onun barəsində artıq cinayət işi başlanılıb və rayon məhkəməsinin qərarı ilə Dadaşova qarşı həbs-qətimkan tədbiri də seçilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar