Xanım sürücü gecə polislərə çətin anlar yaşatdı
18 Mart 2011 Cümə 23:32
Polis əməkdaşları əmrə tabe olmayan şəxsi avtomobildən düşürə bilməyib
Bu gecə Nizami rayonu, Naxçivani küçəsində yol hərəkəti qaydalarını kobud sürətdə pozan xanım sürücü Yol Patrul Xidmətinin əməkdaşlarına çətin anlar yaşadıb. Belə ki, yol polisinin saxla əmrinə riayət etməyən xanım idarə etdiyi avtomaşını saxlamadan ərazidən uzaqlaşıb. Amma sürücü çox da uzağa gedə bilməyib. Polislər xanım sürücünü dayandırmağa müvəffəq olsalar da, bu dəfə başqa problemlə uzləşib. Sürücü idarə etdiyi avtomaşının qapılarını bağlayıb maşından düşməməklə, vəziyyəti bir qədər də çətinləşdirib.

YPX müfəttişi Şahin Heydərovun sözlərinə görə, sürücü əmrlərə tabe olmayıb: “O, polisin qanuni tələbinə tabe olmur, maşından da düşmür. Sənəd təqdim etmir, sürücünün sərxoş olmasından şübhələnirik”.

Bir qədər sonra isə xanım sürücünü qaydalarını pozduğuna görə saxlayan müfəttiş məsələyə bir daha müdaxilə edib. Lakin müfəttişin sürücünü qanunlara tabe olmağa çağırması bir nəticə verməyib. Sürücü isə polis əməkdaşlarının onu yaşadığı binanın həyətində saxladığını iddia edirdi.

YPX müfəttişi Elşən Əzizov deyir ki, “Maşın bazarı”nın yanında giriş qadağandır və yol nişanının tələbini pozduğu üçün sürüçü saxlanılıb: “Gəldi burada saxladı. Bizi təhqir etdi və sənəd vermədi”.

Qeyd edək ki, xanım sürücünü maşından düşürmək üçün təkcə Yol Patrul Xidmətinin əməkdaşları yox, eləcə də Nizami rayon Polis İdarəsinin, o cümlədən Çevik Polis Alayının əməkdaşları da əraziyə cəlb olunub. Amma polis əməkdaşlarının sürücünü qanunlara riayət etmək cəhdi baş tutmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar