Xadimə mənzildən 17 min dollarlıq qızıl oğurlayıb
06 Yanvar 2011 Cümə Axşamı 16:00
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb
Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yanvar ayının 4-ü saat təxminən 10.00 radələrində M.Cümə küçəsində qeydə alınıb.

Burada yaşayan Nina Nazim qızı İbrahimova polis bölməsinə gələrək mənzilindən 17000 dollar dəyərində qızıl əşyalarının oğurlanması barədə ərizə verib.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xəzər rayonu, Buzovna qəsəbəsində qeydiyyatda olan Şəfiqə Hüseynova tərəfindən törədilməsi müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

18-ci polis bölməsindən ANS PRESS-ə bildiriblər ki, ilkin araşdırma nəticəsində məlum olub ki, Ş.Hüseynova Buzovna qəsəbəsində pasport qeydiyyatında olsa da, Hövsan qəsəbəsində kirayə tutduğu mənzildə yaşayıb. O da müəyyən edilib ki, Şəfiqə Hüseynova uzun müddətdir N.İbrahimovanın evində xadimə kimi işləyirmiş.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar