Xaçmazda qətlə yetirilən qızının intiharı ilə bağlı açıqlama yayıldı
29 Mart 2012 Cümə Axşamı 15:42
Təranə Həbibova hələlik istintaqa məlum olmayan səbəblərdən intihar edib
Baş Prokurorluq Xaçmazda baş vermiş dəhşətli intiharla bağlı açıqlama yayıb. ANS PRESS-in məlumatına görə, açıqlama qurumun saytına yer alıb.
Açıqlamada bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Xaçmaz şəhər sakini, "Arzu" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru Nəcimə Babayevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin ibtidai istintaqının obyektiv aparılmaması və cinayəti törətmiş şəxsin tutulmamasına etiraz olaraq mərhumun qızı, Quba rayon sakini Təranə Həbibovanın intihar etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilib.
Qeyd edilənlər prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və bildiririk ki, 15 sentyabr 2010-cu il tarixdə, "Arzu" MMC-nin təsisçisi və direktoru Nəcimə Babayevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Xaçmaz rayon prokurorluğu tərəfindən həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal Xaçmaz rayonuna ezam olunmuş və rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar müəyyən edilərək götürülüb.
20 sentyabr 2010-cu il tarixdə iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən edilib ki, 2010-cu il sentyabrın 15-də saat 08:45-də Nəcimə Babayeva xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncunu onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edib. Məlahət Məmmədova saat 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlib, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan evə daxil olub və birinci mərtəbədə mətbəxdə Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçıb. Bu zaman evin ikinci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnara Həbibova yuxudan duraraq birinci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görüb.
Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-tibbi-bioloji, məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizaları keçirilməklə müvafiq rəylər alınmışdır. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində müxtəlif fərziyyələr ətrafında, o cümlədən Nəcimə Babayevanın təsisçisi olduğu müəssisədə ticarətlə məşğul olan, eləcə də tabeliyində işləyən şəxslər tərəfindən öldürülməsi, ticarət mərkəzinin fəaliyyəti ilə əlaqədar onunla münaqişəsi olan şəxslər tərəfindən qisas məqsədilə törədilməsi, N.Babayeva ilə ədavəti olan qonşular, əvvəllər məhkumluğu olan şəxslər tərəfindən törədilməsi və sair fərziyyələr irəli sürülməklə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, 250-dən artıq şahid dindirilib.
Mərhumun övladları Fuad və Gülnarə Həbibovlar iş üzrə Azərbaycan Respublikasının Baş prokuroru, Baş Prokurorluğun idarə rəisləri, Baş Prokurorluğun idarə prokuroru tərəfindən mütəmadi olaraq, həmçinin cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən hər həftə qəbul edilib.
27 sentyabr 2010-cu il tarixdə cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin vəziyyəti Baş prokurorun birinci müavini, Baş prokurorun köməkçisi, istintaq qrupunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qrupunun üzvlərinin iştirakı ilə müzakirə edilmiş, cinayətin açılması üçün bütün fərziyyələr üzrə intensiv əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi qərara alınıb.
1 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaqın vəziyyəti barədə kütləvi informasiya vasitələrinə məlumat verilib.
Hazırda cinayətin açılması istiqamətində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam və hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.
28 mart 2012-ci il tarixdə saat 09:00 radələrində Nəcimə Babayevanın 1963-cü il təvəllüdlü qızı, Quba rayon sakini Təranə Həbibovanın Xaçmaz rayonunda bacısının yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə əlaqədar hadisə yeri və meyitə rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri dərhal Xaçmaz rayonuna ezam olunublar.
Fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən edilib ki, mərhum T.Həbibova qohumunun yas mərasimində iştirak etmək üçün Xaçmaz rayonuna bacısının evinə gəlib və hələlik istintaqa məlum olmayan səbəblərdən intihar edib.
Hazırda cinayət işi üzrə ibtidai araşdırma Baş prokurorun şəxsi nəzarətinə götürülməklə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: