Xaçmazda baş verən yol qəzasında müəmmalı məqamlar
22 Yanvar 2011 Şənbə 11:45
Araşdırmalar davam edir.
Azərbaycanın Xaçmaz rayonunda üç gün əvvəl baş verən yol qəzasında müəmmalı məqamlar üzə çıxıb.
Xatırladaq ki, yanvarın 19-u Gəndob-Yalama yolunun 17-ci kilometrliyində Xaçmaz rayonu, Qaradağlı kənd sakini, 44 yaşlı Xanbala Şirinbala oğlu Məmmədov idarə etdiyi 10 GR 353 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomaşınla yoldan çıxaraq 15-20 metr aşağıda olan Çağacuqçayın sahilinə aşıb.
Çoxlu qan itirən və maşında sıxılmış vəziyyətdə qalan sürücü həm qan itkisindən, həm də donvurmadan ölüb. İlkin məlumata görə, hadisəyə səbəb yüksək sürət və yolun buzlu olması olub.
Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, maşında sürücünün meyiti ilə yanaşı, qadına məxsus əl çantası tapılıb. Amma çantada onun kimə məxsus olmasını təsdiq edən heç bir sənəd və digər əşya olmayıb. Hazırda polis bu versiya üzərində də iş aparır.
Axtarışlar nəticəsində mərhumun əl telefonu da tapılıb. Məlum olub ki, ayın 19-u gecə saat 04.00 radələrində hələlik müəyyən edilməyən nömrədən ona cavabsız zəng gəlib. Zəngin cavabsız qalması qəzanın saat 4.00-dan əvvəl baş verməsini daha da qətiləşdirir.
Qeyd edək ki, 4 uşaq atası olan X.Məmmədov taksi fəaliyyəti ilə məşğul olurmuş. O, ayın 19-u evdən çıxıb və bir daha geri qayıtmayıb. Ehtimal olunur ki, qəza elə ayın 19-da baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. anspress
DOSTLARINLA PAYLAŞ: