Xaçmazda 7 evi yaran şəxs həbs edilib
09 Avqust 2010 Bazar Ertəsi 20:00
Polis oğurlanmış pulun və qızıl zinət əşyalarının yerini müəyyənləşdirməyə çalışır.
Xaçmaz polisi ötən ay ərzində rayon ərazisində 7 oğurluq hadisəsi törətmiş şəxsi həbs edib. Xaçmaz şəhəri 28 may küçəsi 63 ünvanında yaşayan Vaqif Əlimusayev rayon polis şöbəsinə müraciət edərək, 25-27 iyul tarixlərində evdə olmadığı müddətdə yaşadığı evin pəncərəsinin sındırıldığı və ona məxsus olan 370 manat nağd pulun oğurlanması barədə məlumat verib. Cinayət Məcəlləsinin 177.2.3. (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddəsi ilə cinayət işi başlayan polis, qısa zamanda hadisəni törətməkdə şübhəli bilinən şəxsi ələ keçirib. Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsinin rəis əvəzi Əhməd Nəcəfovun ANS PRES-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən Xaçmaz şəhəri Mehdi Hüseynzadə küçəsi 2 ünvanında yaşayan, 1980-ci il təvəllüdlü, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş Eyvaz Paşa oğlu Paşayev saxlanılıb. Aparılan istintaq araşdırmaları zamanı onun yeddi oğurluq hadisəsi törətməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi rəyə əsasən də, Vaqif Əlimusayevin evinə baxış keçirilərkən müəyyən edilmiş əl-barmaq izləri Eyvaz Paşayevə məxsusdur. Həmin şəxsin bu cinayətlə yanaşı, Xaçmaz şəhəri E.Tağıyev 47 ünvanında yaşayan Şükür Cabbarova məxsus evdən pəncərəni sındırmaq yolu ilə 4 ədəd qızıl üzük, Mirzə Şəfi Vazeh küçəsi 7 ünvanında yaşayan Nadir Musayevin evindən 100 manat oğurlaması da müəyyən edilib. Polisin apardığı araşdırmaya görə, hüquqmühafizə orqanlarına müraciət etməyən daha 4 nəfərin də Paşa Eyvazovun əməllərinin qurbanı olduğu ortaya çıxıb. Xaçmaz şəhər sakini Elmira Adıgözəlovanın evindən 230 manat pul, 3 ədəd qızıl üzük, Xatirə Rüstəmovanın evindən 85 manat dəyərində “Samsung 3040” markalı telefonu, Bədəlova Bikəyə məxsus evdən isə 500 rubl və 200 dolların da Paşa Eyvazov tərəfindən oğurlanması istintaq yolu ilə sübuta yetirilib. Qeyd edək ki, Paşayev oğurluq etdiyi evlərin hamısına eyni üsulla, pəncərini sındırmaq yolu ilə daxil olub.

Polis əməkdaşları oğurlanmış mobil telefonun yerini müəyyən edərək maddi sübut kimi götürsə də, hazırda oğurlanmış pul vəsaitlərinin və qızıl zinət əşyalarının yerinin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar