Azərbaycan paytaxtında dələduzluq yolu ilə beş nəfərin külli miqdarda pulunu mənimsəyən şəxs həbs edilib.
Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Hacı Əfəndiyevin APA-ya verdiyi məlumata görə, 62 yaşlı Akif Əzizov vətəndaşların 25 min ABŞ dollarını mənimsəməkdə təqsirli bilinir. Müstəntiqin sözlərinə görə, A. Əzizov ötən ilin müxtəlif dövrlərində Bakı şəhər sakinləri Arif Cəbiyev, Nizami Quliyev, Rüstəm Quliyev və Məmməd Məmmədovdan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə düzəltmək adı ilə ümumilikdə 21 min ABŞ dolları alıb.
Bundan başqa, o, Bakı şəhər sakini Rəna İsmayılovadan da onun qızını tibb bacısı, oğlunu isə başqa bir işə düzəldəcəyinə söz verərək 4 min ABŞ dollarını mənimsəyib.
Nəsimi rayon Polis İdarəsinə daxil olan şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A. Əzizov tutularaq məsuliyyətə cəlb edilib.
Onun barəsində Nəsimi RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
APA