Vaqif İbrahimoğlu ilə vida mərasimi başlayıb
13 May 2011 Cümə 11:37
Onun dəfn mərasimi bu gün baş tutacaq
Bu gün Aktyorlar evində Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu ilə vida mərasimi keçirilir. ANS PRESS-in məlumatına görə, vida mərasiminə rejissorun yaxınları, “Yuğ” Dövlət Teatrının kollektivi, rejissor həmkarları və aktyorlar gəlməkdədir.

Vaqif İbrahimoğlunun dəfn mərasimi isə bu gün saat 14:00-da baş tutacaq. O, Mərdəkan qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Vaqif İbrahimoğlu dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. O öz evində dünyasını dəyişib.

Xatırladaq ki, Vaqif İbrahimoğlu ötən ilin sentyabr ayında Bakıda müayinə və müalicə kursları keçib. Ancaq bir nəticə olmadığından yaxınları onu noyabrın 26-da Türkiyəyə aparıblar. Ağciyərində problem yaranan 62 yaşlı rejissorda ağciyər xərçəngi aşkarlanıb. O, 3 aya yaxın Ankaradakı “Qazi” universitetinin xəstəxanasında bu istiqamətdə müalicə olunub. Vaqif İbrahimoğlu yanvarın 21-də Bakıya dönmüşdü və müalicəsini ev şəraitində davam etdirirdi.

Həkimlər ona açıq havaya çıxmağa icazə vermirdi. Elə bu səbəbdən də kamera qarşısına çıxmırdı.

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən “YUG” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə “Yuğ” Teatr-Studiyası dövlət statusu alıb). Vəfat edənə qədər “Yuğ” Dövlət Teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosenti idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb.

Vaqif İbrahimoğlu “Yuğ” Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.

Onun quruluş verdiyi son tamaşa Dövlət Akademik Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası olub.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar