Üç azərbaycanlı Polşada altı ay kölə kimi işlədilib
06 Mart 2010 Şənbə 01:30
KİV: “Onların yaşadıqları otağın qapısı yox imiş, çölə it damından çıxan deşik kimi bir yerdən çıxırmışlar”
Üç nəfər azərbaycanlı Polşanın qərbində qanunsuz fabrikdə yarım il kölə kimi işlədilib. Yerli polis bu yaxınlarda onları azad edib, amma Polşa qanunlarına görə onlar insan alveri qurbanı deyil, cinayətkarlardır. Bazar ertəsi bu adamlar üzərində məhkəmə qurulacaq. Onları beş illiyə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Polşada “Metro” internet qəzeti yazır ki, yerli polis keçən ilin mayında bu fabriki yoxlayıb və orada 1.2 milyon avro dəyərində saxta siqaretlər istehsal edildiyini aşkarlayıb.
Qədim, Vaqif və Rafiq adlı Azərbaycan vətəndaşları ilə yanaşı orada altı nəfər də Ukrayna vətəndaşı işlədilirmiş. Amma qanunsuz mal istehsalı ittihamı ilə üzləşən dəstə başı aradan çıxa bilib.
Azərbaycanlı işçilər onlarla kölə kimi davranıldığını, yarım il ərzində heç yana çıxmalarına imkan verilmədiyini deyiblər.
Onların yaşadıqları otağın qapısı yox imiş. Otaqdan çölə it damından çıxan deşik kimi bir yerdən çıxırmışlar. Amma indi azad edilmələrinə sevinə bilmirlər. İndi də onları hüquq mühafizə orqanları tutub qanunsuz dəstəylə əməkdaşlıqda, qanunsuz siqaret istehsalında ittiham edirlər. Hakim də bu ittihamları haqlı bilsə, bu adamları beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Prokuror onların kölə kimi işlədilməsinə dair cinayət işi açılmasına razılaşmayıb.
Yalnız bir həftə əvvəl ATƏT azərbaycanlılara vəkil tutub, onu tərcüməçi ilə təmin edib.
İnsan haqları təşkilatlarının məlumatına görə ukraynanlılarla daha yaxşı davranıblar. Azərbaycanlılardan fərqli olaraq onlar kölə kimi nəzərdən keçirilə bilməzlər. Hüquq müdafiəçiləri azərbaycanlıların cinayətkar olmadıqlarına şübhə etmirlər. Onların bildirdiklərinə görə azərbaycanlı fəhlələrin İtaliyaya vizaları olub. Onlar Polşaya daxil olduqlarını heç bilməyiblər də.
İnsan Alveri ilə Mübarizə Fondunun nümayəndəsi İrena David-Olczyk bildirib ki, belə görünür, fəhlələrə heç vaxt pul da verməyiblər. onlara verilən mobil telefonla yalnız zəng qəbul edə biliblər, ərazini tərk etməyə ixtiyarları olmayıb. Ailələri zorakılığa məruz qalıb. Vizalarının vaxtı bitəndə, onlara deyiblər ki, yeni viza alacaqlar, amma almayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: