Tripoliyə hücum yaxınlaşır?
16 Avqust 2011 Çərşənbə Axşamı 01:30
Liviya paytaxtı üsyançılar və NATO qüvvələrinin mühasirəsində qala bilər
Liviya üsyançıları yenidən təşəbbüsü ələ alıblar və Müammər Qəddafi rejiminin istinadgahına - ölkənin paytaxtı Tripoliyə yaxınlaşırlar.
Bu arada isə “Reuters” agentliyinin məlumatına görə, Liviyanın silahlı müxalifətinin və Qəddafi hakimiyyətinin nümayəndələri bazar günü Tunisin Cerba adasındakı otellərdən birində gizli danışıqlar aparıblar. Görüşdə kimlərin iştirak etdiyi və hansı məsələlərin müzakirə edildiyi məlum deyil.
Ötən gün Liviyanın daxili işlər naziri Nəsr əl-Məbruk Abdulla ailəsi ilə birlikdə Qahirəyə gedib. O bildirib ki, Misirə turist vizası ilə gedib. Lakin nazirin səfəri gözlənilməz olub və bu səbəbdən də səfərin əsl səbəbləri ilə bağlı şübhələr yaranıb.
Hazırda Tripolinin 50 kilomtr qərbindəki Əz-Zaviyyə və paytaxtdan 80 kilometr cənubdakı Qəsr-Qarian şəhərlərində ağır döyüşlər gedir. Əgər hər iki şəhər süut etsə, o zaman Tripoli quruda üsyançılar, dənizdə isə NATO qüvvələrinin mühasirəsində qalacaq. Xarici mətbuat nümayəndələrinin sözlərinə görə, Əz Zaviyyədə toqquşmalar davar edir, partlayış və atəş səsləri eşidilir.
Bu hadisələr fonunda Müammər Qəddafi televiziya ilə xalqa müraciət edib. “İrəliləyin, hücum edir, əlinizə silah alın və döyüşə gedin. Liviyanı addım-addım xainlər və NATO-dan azad edin”, - Liviya lideri tərəfdarlarına çağırış edib.
DOSTLARINLA PAYLAŞ: