Tripoli havadan bombalanıb
24 Mart 2011 Cümə Axşamı 15:45
Hadisə qurbanları arasında dinc sakinlərin olduğu bildirilir
Beynəlxalq koalisiya qüvvələri bu gecə Tripoliyə havadan zərbələr endirib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə hadisə şahidləri məlumat verib.
Məlumata görə, paytaxtın şərq rayonlarında 8 partlayış olub. "Əl-Ərəbiyyə" telekanalı isə xəbər verir ki, Müəmmar Qəddafinin Əcdəbiyyədəki qərargahı da bombalanıb. Bundan əvvəl Qəddafinin paytaxtda xalqa müraciət etdiyi əsas sarayın bombardman edilməsi haqda məlumat verilsə də sonda bu xəbər təsdiqlənməyib. Liviya dövlət televiziyası bombardmanda ölən və yaralananların olduğunu bildirir. Onlar arasında dinc sakinlər də var.
Misrat şəhərində də Qəddafi tərəfdarları ilə üsyançılar arasında ağır döyüşlər gedir. 16 nəfərin öldüyü barədə xəbər verilib. ABŞ-ın dövlət katibi Hillari Klinton isə Qəddafiyə hakimiyyətdən getmək barədə növbəti təklifini səsləndirib.
Klinton deyib ki, Liviya lideri Müəmmər Qəddafi ən qısa müddətdə hakimiyyətdən getməklə ölkəsində yaranmış böhrana son qoya bilər. ABŞ dövlət katibi, həmçinin Qəddafi və ətrafına doğru qərar qəbul edərək hakimiyyəti təhvil verməyi tövsiyə edib: “Qəddafi və onun ətrafı özləri hansı addımı atacaqlarını müəyyən etməlidirlər. Lakin biz onlara tövsiyyə edirik ki, doğru qərar qəbul etsinlər. Bu “doğru addım” təkcə atəşkəsin qəbul edilməsi deyil, həmçinin ordunu şəhərlərdən çıxarmaq və hakimiyyəti təhvil verməkdən ibarətdir”.
Qeyd edək ki, hazırda Liviyanın dəniz sularında BMT-nin bu ölkəyə qarşı tətbiq etdiyi silah embaroqsuna və muzdluların gətirilməməsinə nəzarəti 16 NATO gəmisi həyata keçirir. Amma təşkilat hələ də hərbi əməliyyatlara rəhbərlik etmə məsələsində razılağa gələ bilməyib. Artıq bir həftədir BMT-nin Liviya barədə qətnaməsini həyata keçirməsində NATO-nun rolu və burada genişmiqyaslı hərbi əməliyyatlara başlaması məsələsi müzakirə edilir. Lakin hələlik təşkilatın 28 üzvü vahid fikrə gələ bilməyiblər.
Rusiya baş naziri Vladimir Putin Serbiya prezidenti Boris Tadiçlə Belqradda təşkil etdiyi mətbuat konfransında deyib ki, BMT-nın Təhlükəsizlik Şurasının 1973 saylı Qətnaməsinin “alqışa layiq” olmasına baxmayaraq, həmin qətnaməni tətbiq edərək suveren bir ölkəyə qarşı əməliyyatlar aparmaq olduqca çətindir: “Dinc əhalini qorumaq məqsədilə Qəddafini rəqiblərinə hücum etməkdən çəkindirmək nəzərdə tutulurdu. Ümumilikdə, suveren bir dövlətlə münasibətdə belə bir qərarın qəbul edilməsi və tətbiqi olduqca mürəkkəb və çətindir. Biz bu gün nə görürük? Ölkənin bütün ərazilərinə havadan zərbələr endirilir. Beynində mülki vətəndaşların qorunması fikri daşıyan kimsə dinc əhali arasında kifayət qədər itkinin baş verməsi ilə nəticələnən hava hücumundan istifadə edə bilərmi? Biz narahat olmaya bilmərik”.
Rusiya parlamentinin aşağı palatası beynəlxalq koalisiyanın Liviyada hərbi əməliyyatlar keçirməsini pisləyib. Koalisiya qüvvələrinin hava hücumu nəticəsində dinc insanların həlak olması və ya yaralanmasının qəbul edilməz olduqlarını deyiblər.
DOSTLARINLA PAYLAŞ: