Traktorunu təmir etdirmək istəyən şəxs qətl törədib
04 Mart 2010 Cümə Axşamı 23:15
Kəndin müəllimini bıçaqlayan şəxs onun arvadını qətlə yetirib
Neftçala rayonunda qətl hadisəsi baş verib. Bu gün səhər saat 6 radələrində rayonun Qaramanlı kəndində əslən Sabirabad rayonunun Azadalı kəndindən olan 44 yaşlı Əhmədov Əmrah İsmayil oğlu sərxoş vəziyyətdə həmkəndlisi kəndin orta məktəbində müəllim işləyən 62 yaşlı Əliyev Telman Əmiraslan oğlunun evinə basqın edib. Ev sahibinə hədə-qorxu gələn Əmrah ondan traktorunu təmir etdirmək üçün 600 manat pul tələb edib. Ev sahibi və onun 59 yaşlı həyat yoldaşı Əliyeva Təmayül Novruz qızı buna etriaz etdikdə, isə Əmrah özü ilə gətirdiyi bıçağa əl atıb. O, həmkəndlisi Telman Əliyevi yaralyıb, onun həyat yoldaşını isə 15 bıçaq zərbəsi ilə qətlə yetirib.
Neftçala rayon prokurorluğunun müstəntiqi Rasim Musayev bildirib ki, bir nəfəri qətlə yetirib, bir nəfəri isə yaralayan Əmrah Əhmədov hadisədən sonra dərhal mənzili tərk edərək qaçıb.
Baş və sifət nahiyyəsindən müxtəlif dərəcəli xəsarət alan Telman Əliyev isə qonşularının köməkliyi ilə təcili olaraq Salyan mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Əmrah Əhmədov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: