Tovuzda nənə nəvəsinin ölümünə səbəb oldu
10 Aprel 2011 Bazar 12:56
Atasının məzarına buraxılmayan qızcığaz özünü asdı
Aprelin 9-u günorta saat 15:00 radələrində Tovuz rayonunun Əsrik-Cürdəxan kəndində 11 yaşlı qız intihar edib. Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Azər Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini 8 avqust 1999-cu il təvəllüdlü Əsginaz İmran qızı Məmmədova yaşadıqları evin çardağından özünü asıb.
Azər Məmmədov hadisənin qızın öz atasının məzarını ziyarət etmək istəməsi, lakin nənəsinin ona icazə verməməsi zəminində baş verdiyi bildirib.
“6-7 il əvvəl qızın atası rəhmətə gedib, anası isə yenidən ailə həyatı qurub. Qız nənəsi Əsginaz Məmmədova ilə birgə Əsrik-Cürdəxan kəndində yaşayırmış. Dünən qız atasının məzarını ziyarət etmək istəyib. Lakin nənəsi ona icazə verməyib. Nənəsi təndirə çörək yapan zaman Əsginaz özünü asıb. Bir müddət sonra nənəsi onun cansız bədənini asılmış vəziyyətdə tapıb. Dərhal hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb olunub”, - deyə Azər Məmmədov bildirib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
DOSTLARINLA PAYLAŞ: