Tovuz rayonunda brakonyerlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişini odlu silahdan açılan atəşlə yaralayıblar.
Bu barədə APA-nın qərb bürosuna Tovuz rayon Prokurorluğundan bildirilib. Məlumata görə, Kür çayının Tovuzun Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində mayın 17-də gecə saat 1.00 radələrində qeyri-qanuni balıq ovu ilə məşğul olan Tovuz rayon Girzan kənd sakini 23 yaşlı Vüsal Mirzəyevə və Bozalqanlı kənd sakini 31 yaşlı Ceyhun Əliyevə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müfəttişi Mahmud Axundov tərəfindən xəbərdarlıq edilib. Bundan sonra V. Mirzəyev və C. Əliyev M. Axundovla mübahisə edərək odlu silahdan atəş açıblar. C. Əliyevin ov tüfəngindən açdığı atəşlə M. Axundovu gözündən və onunla gələn kənar şəxs Aydın Həsənovu isə sinəsindən yaralayıb. M. Axundovun Bakıdakı xəstəxanalardan birinə, digər yaralınınsa Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Yaralananların vəziyyətləri orta-ağır qiymətləndirilir. V. Mirzəyev və C. Əliyev saxlanılıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.
APA