Tovuzda bir ailə uçqun altında qalıb
27 Aprel 2010 Çərşənbə Axşamı 12:30
Tovuzda bir ailə uçqun altında qalıb. İki nəfərin meyiti çıxarılıb, axtarışlar davam edir.
Bu gün səhər saat 7-8 radələrində Azərbaycanın Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş verib. Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, Əkbər adlı kənd sakininə məxsus ev tamamilə uçub və beş nəfərdən ibarət bir ailə torpaq altında qalıb.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və rayon polis şöbəsinin əməkdaşları gəlib. Dağıntılar altında qalan şəxslərin xilasetmə işləri aparılır. Hadisə nəticəsində ölən və yaralananların olacağı istisna olunmur.
Tovuz Rayon Polis Şöbəsi ANS PRESS-ə faktı təsdiqləyib.
****
Tovuz rayon icra başçısının müavini Fikrət Tağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, uçqun altında qalan ev kənd sakini Əkbər Oruc oğlu Məmmədova məxsus olub. Artıq iki nəfər adamların köməyi ilə dağıntılar altından çıxarılıb. Daha üç nəfərin torpağın altında qaldığı ehtimal olunur.
Qeyd edək ki, evdə dörd nəfər yaşasa da, hadisə baş verən zaman ailənin ərdə olan qızı da ata evinə gəlibmiş.
****
Tovuz rayon icra başçısının müavini Nəsib Bağırov ANS-ə bildirib ki, hadisə bu gün səhər saat 06.00 radələrində baş verib. İki nəfərin meyiti artıq çıxarılıb.
Hazırda Fövqəladə Hallar Komissiyasının və rayon polis şöbəsinin əməkdaşları hadisə yerində xilasetmə işlərini davam etdirir. Əraziyə traktor, buldozer və kənddə olan digər müvafiq texnikalar cəlb olunub.
Kənd rayon mərkəzindən 44 kilometr aralıda və dağlıq ərazidə yerləşir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: