Torpağın bağrı çatlayır!
04 Aprel 2011 Bazar Ertəsi 00:39
“Onun Quranı yandırması Allahın kəlamının sadəcə olaraq şəklinə toxundu, Kəlamın özü isə toxunulmaz qaldı”



Özü də söhbət təkcə Salyan ərazisində qeydə alınan müəmmalı çatdan getmir… Söhbət daha çox ondan gedir ki, bəndə - Allah aralanması baş verir. Son zamanlar sanki əsrarəngiz bir proqnozlar sistemi işə düşmüşdü. Gah Birləşmiş Ştatlarda quşlar kütləvi sürətdə qırılmağa başladı…Bu zavallıların nədən ölməsi sonadək sirr olaraq qaldı. Bir az sonra quşların daha bir sürüsü başqa bir ölkənin səmasından üzüqoylu yerə gəldi. Yenə də səbəbsiz!!! Bir az sonra delfinlər, balinalar müəmmalı surətdə tələf oldular… Düzdü, Azərbaycanın nə delfini, nə balinası var. Amma kasıbın olanından.

Bu qəribə təbiət orkestrində Azərbaycanın qoyunları öz yerlərini tutdular. Birdən birə 250 qoyun müəmmaalı şəraitdə öldü… Və bu ölümün də səbəbləri sonadək qaranlıq qaldı. Sanki ilahi bir qüvvə insanlara xəbərdarlıq impulsları göndərirdi… Sanki bəndə dəhşətli nələrəsə hazırlanırdı… Hətta məscid və kilsələ günbəzlərində möcüzələr qeydə alınır… Bir yerdə Əlinin (ƏS) Zülfüqarı, başqa yerdə İsa peyğəmbərin çarmıxa çəkilmiş mənzərəsi üzə çıxırdı… Mən bilmirəm bütün bunlar nəyin proqnozu idi…

Yaponiya zəlzələsinin, sunamisinin, yoxsa bəşəriyyətin mənəvi fəlakətirnin startının? Axı Sunami qədər cəhalət də dəhşətlidir. Bax elə bu idiot keşiş kimi: onun Qurani Kərimi yandırması Allahın kəlamının sadəcə olaraq şəklinə toxundu. Kəlamın özü isə heç şübhəsiz ki, toxunulmaz qaldı. Əvəzində bir sarsağın daş atdığı quyunun dibi 5 nəfər günahsız BMT əməkdaşının ölümünə aparıb çıxardı. Biz hələ bilmirik ki, bu dəfə hansı əməliyyatlara start veriləcək? Axı BMT əməkdaşlarının qisasını kimsə almalıdır? Axı adətən hər belə hadisədən sonra nəhəng güclər özünü göstərir…

Qəribədir: son zamanlar xristian dininin ayrı-ayrı daşıyıcıları İslama münasibətlə özlərini ən azı ləyaqətsiz aparır, bizim imanımıza həqarət edəcək qədər həyasızlıq nümayiş etdirirlər. Özü də bu vaxta kimi heç kim İsa peyğəmbəri və ya da Müqəddəs Mariyanı təhqir etməyib. İncilə qarşı hər hansı aşağılayıcı addım atmayıb. Sadəcə olaraq bu səmavi dinlərlə onların layiq olduğu mərtəbədə davranıb. Amma xristianlar əvəzini necə çıxır: bax belə: hansısa sarsaq keşiş Qurani-Kərimə hökm çıxarır, onu yandıracağını anons edir, sonra da bu cicbəsər ideyasını həyata keçirərək, şəstlə gəzir…

Xeyir ola, niyə? Özü də ilin, gcünün bu vaxtı: müsəmlanların onsuz da əsəb keçirdiyi bir vaxtda… Təxribat ola bilər? Ola bilər! Qəddafi üçün! İran İslam Respublikası üçün? İran İslam Respublikası üçün!!! Pakistan üçün? Pakistan üçün! Düzdür, azərbaycanlılar imana bir az ərklə yanaşırlar və Qurani Kərimin yandırılmasına da artıq özünəməxsus təsəlli vasitəçisi tapıblar. Heç demə Xaçmazda ev yanıb, Qurani Kərim yox! Amma bütün bunlar Amerikalı pastorun Quranı yandırması qədər təsirli deyil.

Qurani Kərimi yandırmağa əli qalxan pastor özlüyündə fundamental bir addım atdığını, bununla bəlkə də dünyanı kütləvi islam sirayətindən qurtardığını güman edir. Amma çox nahaq yerə. İslam heç də yalnız Qurani Kərimdən, yalnız vird oxumaqdan, namaz qılmaqdan, oruc tutmaqdan və təsbeh çevirməkdən ibarət deyil. İslam imançılıq, əqidəçilikdir və o xristianlığa da ehtiram göstərir. Müsəlmanlar arasında İsa o qədərdir ki, amma indi mənə kim xristianlar arasında dərmana-damazlığa bir Məhəmməd göstərər?! Təbii ki, heç Kim!

Xülasə, Qurani Kərimin yandırılması da, quşların kütləvi ölümü və ya sunami kimi bir dəhşət dolu fəlakətdir və bu fəlakətin ardınca da nələrinsə baş verə biləcəyi istisna deyil!
Yer Kürəsi dağılır.
Ortadan qırılır. Sınır!

Torpaq da çat verir və bu çat bəndələrin imanındakı çatdan təhlükəli deyil!

Mir Şahin


DOSTLARINLA PAYLAŞ:

oyunlar