Tərtərdə 5 yaşlı uşaq yanan evdə öldü
12 Aprel 2011 Çərşənbə Axşamı 17:58
Ailə üzvləri evdəki iki uşaqdan yalnız birini xilas edə bilib
Tərtər rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Bəyim Sarov kəndində Vilayət Səfərova məxsus evdə qeydə alınıb. Hadisə nəticəsində ev tamamilə yanıb. Yanğın zamanı evdə ikisi azyaşlı olmaqla, 4 nəfər olub. Ailə üzvləri uşaqlardan birini xilas edə bilsələr də, digər uşaq 5 yaşlı Cəsur Səfərov ölüb.

Alovla mübarizəyə 4 yanğınsöndürən maşın cəlb edilib. Bunlardan 2-i Tərtər, 1-i Goranboy, 1-i isə Naftalan Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri olub. Yanğından Mühafizə İdarəsinin rəis əvəzi Habil Əsədullayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, yanğının səbəbi araşdırmadan sonra bəlli olacaq.

Tərtər hüquq-mühafizə orqanlarının əməkdaşları və rayonun icra başçısı da hadisə yerində olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar